Bakı-Ələt-Qazax avtomobil yolunun Yevlax rayonundan keçən hissəsinin (284-cü kilometrliyində) sağ və sol tərəflərində əvvəllər əkilmiş Eldar şamı  cinsindən olan ağaclar ziyanvericilərin törətdiyi xəstəliklər səbəbindən quruyur. 

Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov "Unikal"a bildirib ki, sözügedən ərazidə ağacların kütləvi şəkildə qurumasının müşahidə edilməsi ilə bağlı mütəxəssislər tərəfindən yerində araşdırma aparılıb. 

"Aparılan müayinələr nəticəsində məlum olub ki, ərazidə kütləvi şəkildə  ziyanvericilər yayılıb və bu səbəbdən böyük bir sahədə Eldar şamı ağaclarına xəstəlik düşərək quruyub. Ağaclar qeydiyyata alınıb, ətrafdakı digər sağlam ağacların yoluxmasının qarşısının alınması məqsədilə qurumuş ağacların qanunamüvafiq qaydada kəsilərək ərazidən götürülməsinə qərar verilib.

Sonrakı mərhələdə ərazi xəstəlik və ziyanvericilərdən təmizlənəcək, sahə yeni meşə əkininə hazırlanaraq yerli şəraitə uyğun ağaclar əkiləcək."