Niderlandın Kralı Villem-Aleksandr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Unikal" xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident.

Yenidən Azərbaycanın Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ölkələrimiz arasında dialoqun və əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid edirəm.

Bakının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək şəhər kimi seçilməsi ölkənizin hər bir vətəndaşı və bütün dünya üçün dayanıqlı və təhlükəsiz gələcəyə töhfə verməklə yanaşı, Azərbaycana beynəlxalq nüfuzunu nümayiş etdirmək imkanı yaradır.

Qarşıda duran vəzifələrin icrasında Sizə uğurlar və müvəffəqiyyətlər arzulayıram".

*** 18:14

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə İraq xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi çatdırır, fəaliyyətinizdə uğurlar arzulayırıq. Uca və Qadir Allahdan Sizə möhkəm cansağlığı, uğurlar, dost xalqınıza xeyir və firavanlıq diləyirik.

Sizin yenidən Prezident seçilməyiniz peşəkarlığınız, səriştəniz və siyasi təcrübəniz sayəsində möhtərəm xalqınızın Sizə olan yüksək etimadını və fəaliyyətinizin təqdir olunmasını əks etdirir.

İraqın müxtəlif sahələrdə dost ölkələrimizin və xalqlarımızın rifahı naminə birgə əməkdaşlığı davam etdirmək və qarşılıqlı əlaqələrin inkişafına nail olmaq istəyini Zati-alinizin diqqətinə bir daha çatdırırıq".