"Hazırda mənzil bazarında qiymətlər sabitdir. Hələki ipoteka kreditlərinin verilməsinə başlanılmayıb. Ola bilsin ki, ipoteka kreditlərinə start verildikdən sonra əmlak bazarında canlanma baş verəcək və bu qiymətlərə müsbət mənada təsir göstərəcək. Hələki bu proses müşahidə olunmur".

Bunu "Unikal"a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. Ekspert bildirib ki, ötən ilin əvvəlində qeydə alınan rəqəmlərlə müqayisədə hazırkı qiymətlər daha yüksəkdir:

"Bunun səbəbi ondan irəli gəlir ki, ötən il boyu qiymətlər artıb. Bu, yekun olaraq bugünkü dəyərdə özünü ifadə edir. Qiymət fərqinə gəldikdə, 2023-cü ilin yanvar ayının əvvəlinə olan göstərici ilə müqayisədə bu ilin yanvarın əvvəlinə olan göstərici arasında təqribən 20 faizə yaxın qiymət artımı müaşhidə olunur".

Əmlak bazarında qiymətlərin bundan sonra da arta biləcəyinə gəlincə, R.Osmanlı qeyd edib ki, qiymət artımları daha çox bir sıra makroiqtisadi amillərdən və qəbul olunacaq qərarlardan asılıdır: "Azərbaycanın daşınmaz əmlak bazarına bəzən hökumət tərəfindən qəbul olunan müəyyən qərarlar da ciddi təsir göstərir. Bunlardan asılı olaraq il ərzində müəyyən dəyişikliklər müşahidə oluna bilər və yaxud olacaq. Daşınmaz əmlak bazarı üçün qiymət azalmasını şərtləndirəcək hər hansı amil qeydı alınmır. İlkin olaraq demək olar ki, qiymət artımları davam edəcək".

Anar Kəlbiyev