"Səməd Vurğun polemikası"nda yeni qarşıdurma
Aqşin Yenisey Səməd Vurğuna, Elnur Astanbəyli isə Aqşinə "savadsız" dedi

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun Azərbaycanın dahi şairi Səməd Vurğun haqda işlətdiyi aşağılayıcı fikirlərə görə üzr istəməsindən sonra mövzunun qapanacağı gözlənilirdi. Amma Səməd Vurğun yaradıcılığını təftiş etməyə uğursuz cəhdlərin davamı mövzunun aktuallığını qorumaqdadır.
Belə ki, şair Aqşin Yenisey "Azadlıq Radiosu"nun "Pen klub"unda xalq şairi Səməd Vurğunu şair saymadığını bildirib: "Səməd Vurğun həddindən artıq savadsız şair olub. Biz iki şeyi qarışdırırıq: aşıqla şairi. Aşıq ayrıdı, şair ayrı..."
Bununla bağlı aznews.az-a açıqlamasında başqa bir şair - Elnur Astanbəyli həmkarını öz "silahı ilə vuraraq" Aqşin Yeniseyi savadsızlıqda ittiham edib: "Səməd Vurğun ənənəvi şairdir, amma onu aşıq ədəbiyyatına aid etməyin özü savadsızlıqdır. Klassik mənada aşıq şeirinin öz ruhu, öz ritmi, öz havası, öz aurası, hətta öz mövzuları var. Kiminsə heca vəznində yazması bizim onu aşıq şeirinin nümayəndəsi kimi qəbul etməyimizə əsas vermir. Bu mənada Aqşinin dediklərini onun növbəti hoqqası hesab edirəm. Amma söhbət Səməd Vurğunun yaradıcılığındakı digər məqamlardan gedirsə, - onun Stalinə, Kremlə məddahlığı, istedadını saray ideyalarının təbliğinə, şahsevənliyə xərcləməsi müzakirə mövzusudursa, bununla bağlı bütün tənqidlərə qoşuluram. Ümumiyyətlə, Aqşin dostumuz sağa-sola "savadsız" ittihamları yağdırmağı çox sevir. Məncə, bu "sevgi"sində bir az ehtiyatlı olsun. O özünün hansı savada malik olduğunu saytların birindəki viktorinada verdiyi "cavab"larla göstərdi. Bir adam ki, İsi Məlikzadə kimi yazıçını tanımasın, onun haqqında suala cavab verə bilməsin, belə bir adamın başqaları ilə "savad davası"na qalxması çox gülməlidir".
Bahar Rüstəmli