"Qüvvə toplanması hücum ehtimalını gücləndirir"
"Qüvvə toplanması hücum ehtimalını gücləndirir"

Araz Aslanlı: "Rusiya ordusunun Azərbaycana daxil olacağı fikrində deyiləm"

"Zamanın və şəraitin torpaqlarımızı işğaldan azad etməyə imkan verəcəyi vaxta qədər Ermənistanın beynəlxalq hüquq müstəvisində hansısa üstünlüyə nail olmasına imkan verməməliyik"

Son günlər bölgədə baş verən proseslərlə bağlı suallarımızı Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı cavablandırır.

-Son məlumatlara görə, Rusiya özünün cənub sərhədinə hərbi qüvvə cəmləyir. Sizcə, bu addım hansı məqsədi güdür? Azərbaycan üçün təhlükə ola bilərmi?
-Ümumiyyətlə, müxtəlif dövrlərdə Rusiya özünün sərhəd bölgələrinə gah qoşun yığır, gah da buradakı hərbi kontingentin tərkibini azaldır. Bu addımları hər hansı bir konkret amillə əlaqələndirmək və proqnozlar vermək çətindir. Xüsusən də ona görə ki, Rusiyanın özü bu addımla bağlı hər hansı bir açıqlama verməyibsə, Azərbaycana və yaxud bölgənin başqa bir dövlətinə qarşı potensial təhlükə gözlənilmir. Mən bu məsələyə ümumi yanaşmanın tərəfdarıyam. Tutaq ki, Rusiya bu yaxınlarda Qara dənizdə ani hərbi təlimlər keçirtdi. Və yaxud da bəzən Orta Asiya sərhədlərinə doğru qoşunlarını gah toplayır, gah da bu ərazilərdə hərbi bazalar əldə etməyə təşəbbüslər göstərir. Ama ümumi şəkildə yanaşanda, yəni Şimali və Cənubi Qafqazlardakı prosesləri nəzərə alanda Rusiyanın sözügedən addımını normaldan bir qədər fərqli qiymətləndirmək mümkündür. Yəni istər Suriya ətrafında gedən proseslər baxımından, istərsə də İranın nüvə proqramı ilə bağlı yaranmış situasiya baxımından. Bu məqamda Rusiyanın Azərbaycan və Ermənistanla bağlı münasibətlərində yaranmış çalarları da gözardı etmək olmaz. Hərbi qüvvələrin cəmləşdirilməsi Rusiyanın planlı mütəmadi addımı da ola bilər. Amma bu hadisənin regionla əlaqələndirilməsi istiqamətləri də var. Xüsusən də Azərbaycanla münansibətlərinin indiki səviyyəsini unutmayaq. Qəbələ RLS-nin Rusiyanın istismarından çıxardılmasından sonra ölkələrimiz arasında yaranmış nisbi soyuqluq və bəzi daxili məsələlərə görə ortaya çıxan gərginlikləri, Ermənistana son zamanlar edilmiş səfərlər və birbaşa Rusiya dövlətinin adından və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının adından verilən bəyanatlar Rusiya ilə Azərbaycan arasında yaşanmaqda olan gərginliklərdən xəbər verir və bu baxımdan yanaşanda Rusiyanın cənub sərhədlərinə qoşun toplaması müəyyən təhdidlər ola biləcəyinə işarə edir. Bu addımı bir güc sərgilənməsi kimi də dəyərləndirmək mümkündür. Bundan əvvəl də Rusiya cənub sərhədlərinə qüvvə toplamışdı və bu addım Suriyaya mümkün hərbi müdaxiləyə qarşı kontr addım kimi dəyərləndirilirdi. Həmin dövrdə İran ətrafında baş verən proseslərdə də ciddi gərginlik yaşanırdı və hətta İrana müdaxilə ehtimalının artdığı qeyd edilirdi. Amma Rusiya o zaman niyyətini elan eləmişdi və bildirmişdi ki, "İrana hərbi müdaxilə gözlənilir, Suriyaya müdaxilə ehtimalından narahatam və bu məqsədlə də həm Qara dəniz ətrafında, həm də cənub sərhədlərində qüvvələrimi artırıram ki, mümkün hərbi ssenarilərə qarşı hazırlıqlı olum". Onda Rusiya məqsədini elan eləmişdi. İndiki vəziyyətdə buna bənzər mövqe ifadə olunmayıb. Bununla belə, proseslərin ümumi gedişatı bizə müəyyən işarələr verir.
-Hər halda Azərbaycana hərbi qüvvə yeritmək də asan iş deyil. Bölgənin geopolitik reallıqları var, beynəlxalq hüquq çərçivələri var...
-Bizim mətbuatda sözügedən məsələ ilə bağlı tez-tez müəyyən ssenarilər gündəmə gətirilir. Mən bu söhbətləri təkrarlamaq niyyətində deyiləm. Rusiya ordusunun Azərbaycana daxil olacağı fikrində deyiləm. Ümumiyyətlə, hansısa dövlətin sərhəddinə hərbi qüvvə toplamaq hələ bu dövlətə hərbi müdaxilə etmək gerçəkliyindən xəbər vermir. Tutaq ki, Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri Hermüz boğazındakı hərbi qüvvələrini mütəmadi olaraq gah azaldır, gah da artırır. Yəni ara-sıra rotasiya baş verir orada. Hərbi qüvvə dəyişikliyi meydan oxumanın bir əlamətidir. Qüvvə toplanması hücum ehtimalını gücləndirir. Yəni Rusiyanın addımı, ən azından, bir hərbi-diplomatik gedişdir. Bunun müəyyən bir təzyiq yarada biləcək nəticəsi ola bilər. Yoxsa mütləq şəkildə o demək deyil ki, Rusiya Azərbaycanı işğal etməyə hazırlaşır. Aydın məsələdir ki, istənilən dövlət istənilən dövlətə zərər vermək imkanına malikdir. Ən kiçik dövlətlə ən böyük dövlət arasında müharibə olanda da kimin nə qədər itki verəcəyini proqnozlaşdırmaq çətindir. Bunu Amerika Birləşmiş Ştatları İraqa hərbi müdaxilə eləyəndə də gördük. Müharibə başlayanda İraqın qüvvələri Amerikaya elə bir müqavimət göstərə bilmədi. Amma işğal başa çatandan sonra İraqa aid, bəzən isə hətta dövlətə dəxli olmayan kiçik qüvvələrin dünyanın ən güclü ordusuna vurduğu ziyanlar daha güclü oldu. Eyni zamanda Azərbaycanın Rusiyaya cavab kimi onun ərazisində verə biləcəyi cavab addımlar da var. Yəni demirəm ki, Rusiya birbaşa Azərbaycana hücum edəcək. Amma bunun mütləq təzyiq göstərmək istiqamətində bir xarakteri var.
-Şərh etdiyiniz mənzərənin fonunda Birləşmiş Ştatların dövlət katibi Con Kerrinin Türkiyəyə rəsmi səfərini və səfər zamanı müzakirə etdiyi məsələləri necə qiymətləndirirsiniz?
-Əslində, bu məsələyə bayaq toxunmaq istəyirdim, amma Sizin bu haqda sual verəcəyinizi duyurdum və bunu gözləyirdim. Bilirsiniz ki, son zamanlar Kerri ikinci dəfədir ki, Türkiyəyə rəsmi səfər edir. Rusiyanın cənub sərhədinə topladığı hərbi qüvvə bu iki səfər çərçivəsindəki planlarla da bağlıdır. Yəni təxminən, belə bir görüntü var ki, Kerrinin Yaxın Şərq diplomatiyası təkcə diplomatik söhbətlərlə bitib qurtarmayacaq. Yəni Amerika regionda hərbi güc də nümayiş etdirə bilər. Amma Kerrinin Yaxın Şərqdəki fəal diplomatiyası həm uzun illər ərzində mövcud olan müəyyən məsələlərin həlli, həm də son dövrlərdə ortalığa çıxan bir sıra problemlərin çözülməsi baxımından diqqəti çəkir. Daha doğrusu, Amerika bu bölgədə artıq daha çox real nəticəyə hesablanmış addımlar atmaq niyyətindədir. Fəallıq əvvəlki illərdə də olub. Amma Obama konkret nəticələr əldə etmək üçün necə ki İrana qarşı sanksiyaları sərtləşdirib, indi bu Kerrinin diplomatiyasında da konkret nəticələr uğrunda addımlar atılmağa başlanıb. Bu sırada Fələstin münaqişəsinin həll edilməsi, İran və Suriya proseslərinin yekunlaşdırılması ön plana çıxıb. Bu istiqamətdə nəticəyə hesablanmış addımların atılacağı gözlənilir. Bax, bu məsələlər Rusiyanı müəyyən dərəcədə narahat eləyə bilər. Yayılmış məlumatlara görə, dövlət katibi Kerrri eyni zamanda Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə Dağlıq Qarabağ münaqişəsini də müzakirə edib. Bu barədə Davudoğlunun özü açıqlama verdi. Amma sözün düzü, onların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apardıqları müzakirələrin konkret bir nəticə doğuracağını düşünmürəm. Xüsusən də Ermənistandakı daxili amillərə görə. Amma Amerika Birləşmiş Ştatları Ermənistanın daxilində fərqli bir situasiya yaratmaq imkanına malik olsa, onda, bəli, Amerika ilə Türkiyənin təşəbbüsləri bu istiqamətdə də hansı hərəkətlənməyə gətirib çıxarda bilər. Rusiya bundan da narahat ola bilər. Hesab edirəm ki, Kerri ilə görüşdən sonra Davudoğlunun müzakirə edilmiş problemlər içində Dağlıq Qarabağ probleminin adını çəkməsi də təsadüfi deyil. Adətən, bu cür yüksəksəviyyəli görüşlərdə çox məsələlər müzakirə edilir və bunların heç də hamısı barədə mətbuata açıqlama verilmir. Əgər kürd məsələsi, Suriya və İranla yanaşı Dağlıq Qarabağ probleminin də adı çəkilirsə, deməli, bu barədə də nəsə bir niyyətləri var. Amma Fələstin problemi ilə bağlı konkret nəticələr əldə etmək ehtimalı daha yüksəkdir. İsraillə ABŞ-ın və Fələstindəki qrupların Türkiyə ilə münasibətlərini nəzərdə tutub bu sözləri deyirəm. Amma Qarabağ problemində bu konkretliyi əldə etmək şansları daha azdır. Azərbaycanın Türkiyə və Birləşmiş Ştatlarla münasibətləri buna imkan verdiyi halda, Ermənistanın daxili vəziyyəti buna imkan vermir. Çünki Ermənistan bütün sahələrdə tam şəkildə Rusiyadan asılıdır.
-Azərbaycanın Dağlıq Qarabağ probleminin həlli istiqamətində gözləməli olduğu mühüm xətlər hansıdır?
-Dağlıq Qarabağ probleminin həlli ilə bağlı təşəbbüs, təəssüf ki, bizim əlimizdə deyil. 92-93 -cü illərdə bu problemi öz təşəbbüsümüz çərçivəsində saxlayıb həll etmək imkanımız var idi. Amma sonradan problem kifayət qədər beynəlmiləlləşdi və indiki duruma gəlib çıxıb. Bu da faktdır ki, Rusiyanın gücü bu prosesin içində əsas amilə çevrilib. Dağlıq Qarabağ ətrafındakı ərazilərin işğalı, Ermənistanda Rusiyanın hərbi bazasının mövcudluğu və 2008-ci ildə çox pis bir ənənənin yaranması, yəni Gürcüstanın öz ərazilərini azad etmək cəhdinə qarşı Rusiyanın hərbi reaksiyası həm qlobal, həm də regional şərtləri bizim əleyhimizə çevirib. Ermənilər hazırda çalışırlar ki, işğalı leqallaşdırsınlar və biz də buna qarşı tədbirlər almaqla məşğuluq. İndiki mərhələdə ən əsas məsələ odur ki, beynəlxalq təşkilatlarda Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı əvvəlki tendensiyanın əleyhinə qərarlar qəbul edilməsin. Əvvəlki tendensiya nə idi? BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələrin qüvvədə saxlanması və Avropa Şurasının qərarı. Çalışmalıyıq ki, bu qərarların əleyhinə bir tendensiya yaranmasın. Birinci növbədə çalışmalıyıq ki, bu status-kvonu qoruyub saxlayaq. Bu baxımdan istəyimizə nail olmuşuq. İkincisi isə, zamanın və şəraitin torpaqlarımızı işğaldan azad etməyə imkan verəcəyi vaxta qədər Ermənistanın beynəlxalq hüquq müstəvisində hansısa üstünlüyə nail olmasına imkan verməmək. Məncə, indiki halda Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı əsas siyasəti bunlardan ibarət olmalıdır.

Söhbətləşdi:
Fərzuq Seyidbəyli