Mer tanınmış sənətçinin evini başına uçurdub

Mer tanınmış sənətçinin evini başına uçurdub

Şeyx Əbdül: “ Hacıbala Abutalıbovu qanuna dəvət etmək mümkün deyil”

Mətbuatda yayılmış məlumata görə, tanınmış kino xadimi Şeyx Əbdül Mahmudbəyovla Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov arasında gedən mülk davası davam edir.
Mətbuatın yazdığına görə, evi başına uçurulan və etdiyi müraciətlərin heç birinə müsbət cavab ala bilməyən sənətkar bunun çarəsini deyəsən, tapıb. Ə.Mahmudbəyov həftəsonu aclıq aksiyasına başlayacağını dedi:
“Ya Allah Hacıbala Abutalıbova verər, ya da mənə. Etdiyim şikayətlərin heç birinə baxmırlar. Ona görə də bu yolda öldü var, döndü yoxdu. Prezident Aparatının qarşısında aclıq aksiyasına başlayacam və tələbim yerinə yetməyənə kimi aclığı dayandırmayacam. Lazım gəlsə evim, ailəm uğrunda ölməyə belə hazıram. Bütün media, QHT-ləri ora yığacam. Qoy bütün dünya bilsin ki, Azərbaycanda mer sənətkarın evini başına uçurub”.
Sözün düzü, ölkədə hər bir insanın çox gözəl tanıdığı böyük sənətkarımıza qarşı bu cür yanaşma bizi də narahat etdi və onunla telefon əlaqəsi saxladıq. Şeyx Əbdül “Unikal”a bildirdi ki, “Sözügedən problemlə bağlı aclığa başlayacağım barədə məlumat həqiqətə uyğun deyil və mən belə bir aksiya keçirəcəyimi söyləməmişəm. Mənim artıq yetmişə yaxın yaşım var və mədəmdə də xəstəlik aşkarlanıb. Buna görə də aclıq etmək niyyətim yoxdur”.
Sənətçinin sözlərinə görə, onun evi Bakı şəhərindəki Füzuli meydanının yaxınlığında yerləşir və evinin cəmi altı metrliyində qızğın tikinti işləri gedir: “Əvvəlcə söz yayıldı ki, bu ərazidə qış parkı salınacaq. Bu adalac da ətrafdakı bütün ikimərtəbəli yaşayış binalarını sökdülər. Sonradan məlum oldu ki, xeyr, ərazidə qış parkı deyil, avtomobillər üçün çoxmərtəbəli dayanacaq tikiləcək. Aparılmış söküntü işləri nəticəsində evim ciddi şəkildə zədələnib və döşəmədə qorxulu çatlar əmələ gəlib”.
Rejissor bildirir ki, “Bakı şəhər İcra Hakimiyyətinin günahı ucbatından evim yararsız hala düşüb. Mən evimin vəziyyəti ilə bağlı Milli Məclisə, Prezident Aparatına, Nazirlər Kabinetinə şikayət məktubları göndərmişəm. Onlardan aldığım cavablar müsbətdir, yəni mənim mülkiyyət hüquqlarımın qorunmalı olduğu bildirilir. Amma, qardaş, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu başa salmaq və onu qanuna dəvət etmək mümkün deyil. Bu adam nə Milli Məclisi sayır, nə də Prezident Aparatını. Faktiki olaraq, Hacıbala Abutalıbov özündən yuxarı instansiyaların göstərişləri ilə hesablaşmır və bildiyini edir”.
Əbdül bəyin dediyinə görə, “Ən qəribəsi budur ki, tikinti işlərinin hansı şirkət tərəfindən aparıldığını bizə bildirmir və bunu bizdən gizlədirlər. Dolayı yollarla öyrəndim ki, söküntü-tikinti işlərini FF -2011 MTK adında bir şirkət həyata keçirdir. Amma bu şirkətin kimə məxsus olduğu barədə hələ də heç nə öyrənə bilməmişəm. Bunu gizli saxlayırlar”.
Tanınmış incəsənət xadimi söhbətin sonunda bildirdi ki, “Mən bütün ömrümü Azərbaycan xalqının mədəniyyətinə və dövlətçiliyimizə həsr etmişəm. Bu yaxınlarda çoxseriyalı “Qan yaddaşı” sənədli filminin çəkilişini başa çatdırmışam. Hazırda daha böyük layihə üzərində işləyirəm. “Qan yaddaşı” filmində erməni işğalçılarının torpaqlarımızı necə viran qoyduqlarından, saxta erməni tarixindən söhbət açmışam. İndi isə bizim məmurlar mənim evimi viran qoyublar. Bu məmurların milliyyəti nədir? Onların adlarını nə qoyaq? Hazırda isə ANS şirkətlər qrupu ilə birlikdə böyük tarixi şəxsiyyət Şah İsmayıl Xətai barədə çoxseriyalı film çəkməyə hazırlaşırıq. Bu serial türklərin “Möhtəşəm yüzyıl”ına cavab olacaq. Çünki türk qardaşlarımız həmin serialda böyük tarixci təhriflərə yol veriblər və Azərbaycanın tarixini düzgün olmayan planda işıqlandırıblar”.
Natiq