345 QHT-yə pul paylandı


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.

Şuradan Unikal.org-a verilən məlumata görə, iclası açan Şura sədri Azay Quliyev maliyyə yardımı müsabiqəsinin yekunları ilə əlaqədar bir neçə gün davam edən müzakirələrə yekun vurub.

Şura sədri A.Quliyev eləcə də son günlər həyata keçirilmiş digər tədbirlər haqqında məlumat verib. Şura Katibliyinin icraçı direktoru F.Qurbanov çıxış edərək, 2013-cü ilin birinci maliyyə yardımı müsabiqəsinin ümumiləşdirilmiş nəticələri ilə bağlı danışıb. Bildirilib ki, müsabiqəyə 512 QHT-dən layihə təklifi daxil olub, onlardan 80-ə yaxın layihə Şuranın sənədləşmə ilə bağlı tələblərinə cavab vermədiyi üçün ekspertiza mərhələsinə buraxılmadan müsabiqədən uzaqlaşdırılıb, ekspertiza mərhələsində hər layihə iki müstəqil ekspert tərəfindən qiymətləndirilib. Şura əvvəlki iclaslarda maliyyələşdirilməsi qərara alınmış layihələr barədə büdcə komissiyasının təqdimatlarını, ekspert qiymətləndirməsini və təşkilatlar haqqında Katibliyin arayışlarını nəzərə alaraq, 345 QHT layihəsinin maliyyələşdirilməsi haqda yekun qərar qəbul edib. Siyahı Şuranın www.qhtxeber.az və www.cssn.gov.az saytlarında dərc edilib.

İclasda apelyasiya komissiyasının yeni tərkibi müəyyən edilib və ərizələrə baxılması proseduru nəzərdən keçirilib. Komissiyada ərizələr 28 mart 2013-ci il saat 17.00-dək qəbul ediləcək.

Şuranın iclasında layihələr üzrə maliyyə hesabatı sənədlərinə dəyişikliklərin edilməsi məsələsi də müzakirə olunub. Qeyd edilib ki, layihələr üzrə Şuraya təqdim edilən maliyyə hesabatı formalarının sayı 9-dan 2-yə endirilmiş və ölkədə elektron hökumətin formalaşdırılması tələblərinə uyğun olaraq, bu dəyişikliklər hesabatların elektron formada qəbulunu təmin edən yeni mühasibat proqramı vasitəsilə həyata keçiriləcək. İclasda, həmçinin, qrant vəsaitlərinin QHT-lərin hesabına köçürülməsi qaydası da müzakirə olunub və müvafiq qərar qəbul edilib.