Şeyx bayram təbrikində nələr dedi?


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Unikal.org-un məlumatına görə, təbrikdə deyilir:

“Bismillahir-rəhmanir-rəhim! Əziz həmvətənlərim!

Sizi qarşıdan gələn xalqımızın qədim və gözəl bayramı - Novruz münasibətilə ürəkdən təbrik edir, hamınıza Allah-Taaladan səadət və rifah, bol-bol bayram sevinci diləyirəm.

Novruz ulu tariximizdə özəl yeri və önəmi olan xalq bayramıdır. Yer üzünə təravət və yeni ab-hava bəxş edən Novruz Ulu Yaradan tərəfindən xəlq olunmuşların ən alisi olan insanın ruhuna təbiətlə vəhdətdə təkamül səadəti yaşadır. Yaradanın lütfü sayəsində bu bayramın dini baxımdan önəm kəsb edən məqamlarla üst-üstə düşməsi Novruzun mübarəkliyi, ülviliyini daha da artırır. Bəşər övladının tövhidə gəlməsində önəmli məqam sayılan, müqəddəs Peyğəmbərimizə ilk vəhyin nazil olduğu təqvimə təsadüf etməsi Novruzun həqiqətən də ilahi səciyyəsindən qaynaqlanır. İnsan həyatına yenilik, süfrələrə xeyir-bərəkət bəxş edən el bayramı olan Novruz bayramı xalqımızın tarixi yaddaşında özəl yer tutaraq Uca Yaradana məhəbbəti, Onun yaratdıqlarına şükür-sənanı, nemətlərinə təvəkkülü və Onun rizası yolunda xeyirxahlığı təcəssüm etdirir. Bu bayram Vətən övladını xoş əməllərə, nəcib və xeyirxah işlərə daha böyük vəchlə sövq edir, qəlbindəki ülvi arzuları dirçəldir.

Allaha çox şükürlər olsun ki, xalqımız ildən-ilə hər Novruza daha böyük inamla qədəm qoyur. Hər yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişaf yoluna rəvac verir, Qarabağda qələbəmizə vüsət və əzmimizi daha da artırır. Xalqımız firavan sabahının, dinc, sabit həyat və tərəqqisinin təminini möhtərəm dövlət başçımız Prezident İlham Əliyev həzrətlərinin qətiyyət və möhkəm iradə ilə yeritdiyi müdrik dövlət siyasətində görür və bu intibahlı yolu ürəkdən dəstəkləyir.

Novruzun təravəti həyatımızın abı-havasına paklıq və saflıq bəxş edir. Vətən torpağı baharın nəfəsindən oyandıqca, insanları xoş əməllərə, nəcib, xeyirxah işlərə rövnəqləndirir. Novruz bayramı doğma torpağımıza qədəm qoymaqla həyata yenilik, süfrələrə bərəkət bəxş edilir, niyyətlər saflaşır, mənəviyyat daha da kamilləşir. Budur, Novruzun əsl mahiyyəti, dərin anlamı!

Bu gözəl el bayramı münasibətilə sizi bir daha ürəkdən təbrik edir, hər bir ailəyə səadət, xoş ovqat arzulayıram. Allahdan diləyim budur ki, Öz Böyük Mərhəmət və Kəramətini xalqımızın üzərindən əskik etməsin və bütün ülvi arzularımız, xoş niyyətlərimizin gerçəkləşməsini bizlərə qismət etsin.

Qoy Novruzun qədəmləri mübarək olsun!