Amerika
Akif Nağı: “Rusiya amilinin tam neytirallaşdırılması üçün Türkiyə var”

Razi Nurullayev: “Prezident Obamanın yeni qərarı Dağlıq qarabağ münaqişəsi ilə daha müntəzəm surətdə məşğul olmaq planları ilə bağlıdır””

Birləşmiş Ştatların prezidenti Barak Obama Dağlıq Qarabağ probleminin həlli üzrə ATƏT-in Minsk Qrupundakı həmsədrlik postuna daimi təmsilçi təyin edəcək. İlk baxışdan adi prosedur təsiri bağışlayan bu qərar bir neçə ciddi məqamdan xəbər verir. Birincisi və ən mühümü odur ki, Birləşmiş Ştatlar bu addımla demək istəyir ki, Qarabağ probleminin yaxın perspektivdə həlli görünmür.

Amma unutmayaq ki, bu həm də o Amerikadır ki, Qarabağ probleminin yalnız sülh yolu ilə həll edilməli olunacağını bildirib.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının “Unkal”a söylədiyinə görə, “Qarabağ problemi artıq elə bir mərhələyə gəlib çıxıb ki, burada dinc yolla həlldən danışmaq Azərbaycanın başının altına yastıq qoymaq kimi bir işdir. 25 il əvvəl, fevralın 20-də Dağlıq Qarabağın vilayət sovetinin bölgənin Ermənistana birləşdirilməsi haqda qərarı bu gün “Yenilənmiş Madrid prinsipləri” deyilən sənəd şəklində bizim qarşımıza qoyulub. Ora-bura yozmaq lazım deyil, məsələnin mahiyyəti elə bundan ibarətdir. Deməli, bu, həm də beynəlxalq təşkilatlara, böyük dövlətlərə mənasız ümidlərimizin 25 ilidir. Elə isə biz daha nəyi gözləyirik, niyə müharibəni başlamırıq? Azərbaycan hakimiyyəti niyə müharibəni başlamır? Azərbaycan cəmiyyəti müharibə tələbində niyə, məsələn, 1992-ci ildə olduğu kimi israrlı deyil? Deyirlər ki, bu hakimiyyət Qarabağı istəmir, istəsəydi alardı. Mən bu sözlərə inanmıram. Qarabağ sevgisi hər kəsin, o cümlədən yuxarıda oturanların içərisində var. Bəzən mənə elə gəlir ki, iqtidarda olanlar daha çox millətçi, dövlətçidirlər, nəinki müxalifətdə olub, xarici amillərin təsiri altında fəaliyyət göstərənlər. Demokratik düşərgə liberal dəyərləri ideallaşdırır, vaxtilə kommunistlər də öz ideyalarını bu cür göylərə qaldırır, hər şeydən üstün olduğunu göstərirdilər. Azərbaycanın psevdoliberallarının torpaq davasına gedəcəklərinə inanmıram. Fikrimi qəbul etmirsinizsə, götürün, müxalifət qazetlərinin köşə yazılarını vərəqləyin. Torpaq davası millətçiliyin qayəsidir. Ona görə də deyirəm ki, hakimiyyətdəkilərin milli məsələyə həssaslığı daha güclüdür. Müxalif düşərgədəki millətçilərin mövqeyi isə çox zəifdir, çünki millətçiliyə pul verən yoxdu, ona görə də millətçilərin bir hissəsi liberalların yanındadır ki, bir təhər mövcudluqlarını saxlasınlar, o biri hissəsi isə görüntü yaratmaq zorundadır. Deməli, hakimiyyətin Qarabağı istəməməsi fikri yanlışdır. Digər tərəfdən, Qarabağın azad edilməsi onların hakimiyyətini birə yüz gücləndirəcək. Onda bunu niyə istəməsinlər?”

Akif Nağının sözlərinə görə, “Deyirlər ki, müharibəni başlamağa Rusiya amili mane olur. Bu reallıqdır və ondan qaçmaq olmaz. Lakin bu amil keçilməz sədd sayıla bilməz. Rusiya o qədər də güclü deyil, ciddi daxili problemləri var. Qərbdən açıq şəkildə dəstəklənən müxalifət hakimiyyət üçün böyük təhlükə təşkil edir. Rusiya bu təhlükəni aradan qaldırmadan, arxa cəbhənin təhlükəsizliyini təmin etmədən Qafqazda yeni müharibəyə başlaya bilməz. Gürcüstan hadisələri fərqli bir şey idi, Azərbaycanla o cür rəftar edə bilməz. Rusiyanın Azərbaycanda, həmçinin Türkiyədə ciddi maraqları var, bunların üstündən xətt çəkə bilməz. Ermənistanın özü də Rusiya üçün lazımsız müttəfiqə çevrilib, həm də məğlub Ermənistan Rusiya üçün daha az şıltaqlıq edən rəfiqəyə çevrilə bilər. Rusiya amilinin tam neytirallaşdırılması üçün Türkiyə var. Müharibə başlanandan sonra Türkiyənin qarşısını heç nə ala bilməyəcək. İran da Azərbaycanın yanında olacaq”.

Tanınmış politoloq Razi Nurullayevin “Unikal”a söylədiyinə görə, “Amerika prezidentinin sözügedən məsələ ilə bağlı planı Qarabağ probleminin konservləşdirilməsini nəzərdə tutmur. Çünki Minsk Qrupundakı həmsədrlərin müəyyən dövrdən bir dəyişdirilməsi danışıqlar prosesində fasilə yaranmasına səbəb olur. Yeni təyin edilmiş həmsədr birinci növbədə Qarabağ münaqişəsinin tarixini, tərəflərin maraq və prinsiplərini ciddi şəkildə öyrənməlidir. Bunun üçün isə bir xeyli vaxt tələb edilir. Bundan sonra isə həmsədrlər münaqişə tərəfləri arasında müəyyən qədər şəxsi münasibətlərini qurmalıdırlar. Elə bunun özü də filan qədər vaxt aparır. Buna görə də hesab edirəm ki, Prezident Obamanın yeni qərarı Dağlıq qarabağ münaqişəsi ilə daha müntəzəm surətdə məşğul olmaq planları ilə bağlıdır”.