İlqar Məmmədovun həbs müddəti artırıldı

“REAL” hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 2 ay uzadılıb.

Bu barədə APA-ya vəkil Fuad Ağayev məlumat verib. F. Ağayev bildirib ki, bununla bağlı Nəsimi Rayon Məhkəməsi bu gün qərar verib.

Qeyd edək ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və “REAL” hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər. Məhkəmə T.Yaqublu və İ.Məmmədov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.