Nadir İSRAFİLOV, təhsil eksperti

Təhsil Nazirliyinin “üsyankar” dərslik müəllifi


Çəkmə şotkasını məməlilər sinfinə aid etməklə onda süd vəzisi əmələ gəlmir.
Karl Marks

Üç gün öncə Modern.az saytında “Təhsil Nazirliyinin dərslik müəllifi TQDK-ya üsyan etdi” sərlövhəli yazı dərc olundu. Başlığı oxuyanda düşündüm, görəsən, kimdir TQDK-nın üstünə yeriyən və öz-özümə dedim: Bu adam kimdirsə, yəqin quruma qarşı “haray-qışqırıq”, “hayqırtı”, “nərə” ilə yox, ən müasir top-tüfənglə mücadiləyə başlayıb. Digər tərəfdənsə, TQDK-ya yazığım gəlməyə başladı: Bu gəlişin qarşısında o, necə duruş gətirəcək? Rəhmətlik Sabir demişkən, “Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!”. Bu minvalla yazını başdan-ayağa diqqətlə oxudum...

Məlum oldu ki, yazı Rafiq İsmayılov adlı bir şəxsin TQDK-dakı dərslik monitorinqlərinə etirazları üzərində qurulub və bu adam əvvəldən axıradək var gücü ilə “həyəcan təbili” çalır: Ay aman qoymayın, yaxşı olan nəyimiz varsa, hamısı əldən gedir; “müşgü-ənbər qoxuyan” Azərbaycan dili dərsliklərini bir-bir çıxdaş edirlər; TQDK-nın divarları arxasında “gizlənən” ekspertlər üzə çıxmırlar; onların dərslikdən, müəllim üçün metodik vəsaitdən, kurikulumdan, müasir təlim metodlarından başları çıxmır və s. Kimdir Rafiq İsmayılov? – 1-7-ci siniflərin hal-hazırda istifadədə olan Azərbaycan dili dərsliklərinin müəllifi...

Bir neçə ildir ki, mətbuatdan gen gəzən bu adam son aylar fəallaşmağa, müxtəlif elektron və yazılı media vasitələrində görünməyə başlayıb. Bu gun o, necə deyərlər, mətbuat ulduzuna çevrilib. Demək olar, hər gün müxtəlif qəzetlərdə və saytlarda onun yazılarına və müsahibələrinə rast gəlirik. Onda avtomatik bir sual ortaya çıxır: Görəsən, Rafiq əfəndinin mətbuatla simsarlaşmasının səbəbi nədir? – Sən demə, TQDK adamın “dağdan ağır” üç dərsliyini – 1, 3, 4-cü sinif Azərbaycan dili dərsliklərini çıxdaş edibmiş və mətbuat ona öz “dərdini” danışmaq (həm də dağıtmaq!), söz oyunundan istifadə etməklə ayıblarını ört-basdır eləmək üçün lazımmış. Daha demir ki, məktəblərdə müəllimdən tutmuş qapıçıyadək hamı TQDK-nın yekun rəyindən xəbərdardır: “Dövlət rəmzləri, xalqımızın dili, tarixi, əxlaqi-mənəvi keyfiyyətləri, mədəniyyəti, adət-ənənələri haqqında şagirdlərdə ilkin anlayışların yaradılması və təbliği baxımından dərslikdə bir sıra ciddi qüsurlara yol verilib. Dərslikdə Azərbaycançılıq, türkçülük və milli-mənəvi dəyərlər epizodik verilib, çox hallarda isə “unudulub””...

Bildiyimiz kimi, indiyədək istifadədə olan 5-6-cı sinif Azərbaycan dili dərsliklərinə Rafiq İsmayılov

“Sən nə vaxt göz eylədin,
Mən demədim baş üstə”

– kimi çoxlu sayda erotik materiallar daxil etmişdi. Bu azmış kimi, o, çalışmaları (krossvordlar, testlər, cədvəllər və s.) elə tərtib etmişdi ki, istər-istəməz, şagird onlar üzərində qeydlər aparmalı olurdu və dörd il üçün nəzərdə tutulmuş dərslik yararsız hala düşürdü. Növbəti il həmin dərslikdən istifadə edən şagirdin valideyni isə yenisini almaq zorunda qalırdı. Bir sözlə, dərslik əsl “biznes” təfəkkürü ilə hazırlanmışdı.

Başqa misal. Bir neçə il öncə Rafiq İsmayılovun rəhbərlik etdiyi nəşriyyatda 7-ci sinif üçün fransız dili dərsliyi çap olunmuşdu. Dərslik, demək olar ki, Fransa dövləti üzərində qurulmuşdu. Daha doğrusu, buradakı materialların 99 faizini “Marselyoza”dan tutmuş, Fransanın tarixi, coğrafiyası, ədəbiyyatı, adət-ənənələri, mədəniyyəti, idmanı, məhsullarının reklamı (?!) və s. təşkil edirdi. Biabırçılığın dərəcəsinə baxın, hətta dərsliyin adı dəyişdirilərək “Fransanı kəşf edirik” qoyulmuşdu...

Gətirdiyim bu iki misaldan sonra üzümü TQDK-ya tuturam: Deyin görüm, bu cür təfəkkür sahibindən dövlət rəmzlərimiz, xalqımızın dili, tarixi, əxlaqi-mənəvi keyfiyyətləri, mədəniyyəti, adət-ənənələri, Azərbaycançılıq, türkçülük və s. ilə bağlı nəsə ummağa dəyərmi?!

Rafiq İsmayılova isə deyirəm: Əbəs yerə özünüzü yormayın, çəkmə şotkasını məməlilər sinfinə aid etməklə onda süd vəzisi əmələ gəlmədiyi kimi, sizin də məsələni o tərəf, bu tərəfə dartmağınızla dərsliklərinizdəki nöqsanlar buxarlanası deyil, yaxşı olar ki, onları necə düzəltmək haqqında düşünəsiniz...

P.S. Müəllifi başa düşürəm, birtəhər vəziyyətdən çıxmaq istəyir, amma həmkarım Nabatəli Qulamoğlunu anlamadım. Bu adamın “Azadlıq”dakı son müsahibəsindən belə çıxır ki, o, “ölmüş dərsliklərin” yenidən xortladılmasını istəyir...