Nəqliyyatda vahid kart ödəmə sisteminə nə vaxt keçiləcək?
Nəqliyyatda vahid kart ödəmə sisteminə nə vaxt keçiləcək?

Nazirlik rəsmisi konkret tarix açıqlamadı, amma prosesin necə aparılacağı məlumdur

Bu ilin ikinci yarısından etibarən Bakıda nəqliyyatda mərkəzləşdirilmiş intellektual idarəetmə sisteminə tam keçiləcək və yalnız bundan sonra nəqliyyatda vahid kart ödəmə sistemindən danışmaq olar. Bu barədə Nəqliyyat
Nazirliyinin katibliyinin müdiri Namiq Həsənov məlumat verib.
Nazirlik rəsmisinin sözlərinə görə, hazırda bu sistem üçün hazırlıqlar gedir və 2096 avtobusda intellektual idarəetmə sistemilə bağlı avadanlıq quraşdırılıb. "Sözügüdən idarəetmə sistemi tam işə düşərsə, marşrutlar arasındakı intervalların avtomatik tənzimlənməsinə, sürücülərə avtomatik rejimdə göstərişlərin verilməsi və onlara nəzarətin həyata keçirilməsinə, həmçinin avtobusların hərəkətinin cari vəziyyəti, hərəkət sürəti, dayanacaqlara çatma və yoladüşmə, avtobuslar və marşrutlar üzrə daşınan sərnişinlərin miqdarı haqqında məlumatların toplanmasına, sıradan çıxmış avtobusların xətdən çıxarılması və ehtiyat avtobusların xəttə daxil edilməsi proseslərinin avtomatik idarə olunmasına, pik saatlarda avtobusların sayının tənzimlənməsinə xidmət edəcək", deyə N. Həsənov bildirib.
Bundan başqa, yeni sistem avtomobillərin sıxlığından asılı olaraq işıqforların tam avtomatik idarə olunmasına da kömək edəcək. N. Həsənovun sözlərinə görə, yollarda, dayanacaqlarda və park yerlərində qəzalar haqqında məlumatların toplanması, qeydə alınması və aidiyyati təşkilatlara ötürülməsi mümkün olacaq.
Yeni gətirilən marşrutlarda bir sıra yeniliklər də gözlənilir, belə ki, əlillər üçün minib-düşməni asanlaşdırmaq məqsədilə bir sıra texniki avadanlıqlar quraşdırılacaq.
Bundan əlavə, marşrut avtobuslarının dayanacaqdan kənarda saxlama hallarının qarşısını almaq üçün cərimənin miqdarı artırılaraq 60 manata çatdırılıb. Namiq Həsənovun sözlərinə görə, bu istiqamətdə cərimələrin artırılmasından sonra dayanacaqdankənar saxlamaların sayı xeyli azalıb və belə halların tamamilə qarşısının alınmasında gələcəkdə işə düşən mərkəzləşdirilmiş idarəertmə sistemi böyük rol oynayacaq.
Bakıda keçiriləcək "Eurovision-2012" Mahnı Müsabiqəsi ərəfəsində payaxta daha 500 London taksisinin gətirilməsi gözlənilir və bunlardan 200-ü artıq gətirilib. Ümumilikdə isə onların sayı 1000-ə çatdırılacaq.
Sənan Mirzə