YAP-dan ABŞ səfirliyinə gözlənilməz tələb


“Azərbaycan hökumətini maraqlandıran ABŞ səfirinin müxtəlif siyasi partiyalarla görüşlər keçirməsi yox, bu görüşlər haqqında ABŞ səfirliyinin özü açıqlama verməməsidir”.

Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın bir sıra müxalifət partiyalarının liderləri ilə görüşməsi və bununla bağlı ictimaiyyətə məlumat verməməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, görüşlərin qapalı şəkildə keçirilməsi və bu barədə Azərbaycan ictimaiyyətinə məlumat verilməməsi yolverilməzdir: “Azərbaycandakı hər bir diplomatik korpusun nümayəndələri daxili siyasətlə bağlı keçirdikləri görüşləri açıq şəkildə keçirməlidirlər. Görüşün təfərrüatı barədə ABŞ səfirliyi açıqlama verərsə, bunda bir qəbahət yoxdur. ABŞ səfirliyi əvəzinə hər hansı bir müxalifət nümayəndəsi görüş haqqında müəmmalı məlumat yayırsa, bu yolverilməzdir. Hesab edirəm ki, bu cür görüşlər və onun nəticələri haqqında məlumatlar səfirlik tərəfindən açıqlanmalıdır. Amma müxalifətin belə görüşlərdən sonra ABŞ səfirliyi adından sui-istifadə etməsi yolverilməzdir. Azərbaycan hökuməti ABŞ səfirliyinin müxalifət nümayəndələri ilə görüşlər keçirməsində bir qəbahət görmür. Ancaq bu görüşlər açıq şəkildə keçirilməli və ictimiyyət səfirlik tərəfindən məlumatlandırılmalıdır”.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bir sıra müxalifət partiyalarının liderləri ilə görüşüb. Müxalifət nümayəndələrinin verdiyi məlumata görə, ABŞ səfirinin dəvəti ilə keçirilən görüş zamanı Azərbaycanda insan haqları, korrupsiya halları, həbsdə olan siyasi partiya funksionerləri, iqtidar-müxalifət münasibətləri, prezident seçkiləri ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyət və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.