Valideynini itirmiş uşaqlara sevindirici xəbər

Azərbaycanda valideyni olmayan, yaxud valideyn himayəsindən məhrum olan uşaqların pulsuz ali təhsil almaları ilə bağlı bu il qanunvericiliyə əlavə və dəyişikliklər olacaq.

Bu barədə APA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. O qeyd edib ki, bununla bağlı “Valideynlərini itirmiş uşaqların sosial müdafiəsi haqqında” qanuna əlavə və dəyişikliklər olacaq.

H. Rəcəblinin sözlərinə görə, bu barədə qeyd olunan qanuna ayrıca bənd də əlavə olunacaq: “Biz bu məsələni qanunvericiliklə tənzimləmək qərarına gəldik. Bununla həmin uşaqlar istənilən ali məktəbə əgər ödənişli əsaslarla qəbul olunarsa, onun təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Nəzərə alsaq ki, artıq mövcud qanunvericiliyə görə həmin uşaqlar ali məktəbə daxil olursa, onların 23 yaşına qədər uşaq evində qalmaq hüquqları var. Artıq biz onları ali təhsil ödənişindən azad etməklə onlara ikiqat dəstək vermiş oluruq”.

Komitə sədri bildirib ki, layihənin bu sessiyada Milli Məclisdə müzakirəyə çıxarılması planlaşdırılır.