Latviya Seymi Rusiyanı rəsmən terroru himayə edən dövlət elan edib. 

"Unikal" xəbər verir ki, bu barədə Latviya Parlamentinin saytında məlumat dərc olunub. 

Bildirilib ki, Avropa İttifaqı (Aİ) ölkələri ruslara və Belarus vətəndaşlarına turist və giriş vizalarının verilməsini dərhal dayandırmalıdır.

Seymin Xarici Əlaqələr Komitəsinin sədri Rihards Kols bildirib ki, Rusiya uzun illərdir birbaşa və dolayısı ilə terrorçu rejimlərə və təşkilatlara dəstək verir. O, ölkəni "Suriyadakı Bəşər Əsəd rejiminə ən böyük silah tədarükçüsü" adlandırıb.

"Ukraynada Rusiya oxşar davranış modelini seçdi - qəddar, əxlaqsız və qeyri-qanuni", - Seymin bəyanatında deyilir.

Müharibə yolu ilə siyasi məqsədlərə çatan Rusiya Ukrayna xalqını və onun Silahlı Qüvvələrini qorxutmağa və ruhdan salmağa, habelə dövlət potensialını iflic etməyə çalışır.

Federasiya Şurasının senatoru Sergey Tsekov məlum bəyanata cavab olaraq qeyd edib: "Düşünürəm ki, Rusiya Latviyanı öz yerinə yönəldən cavab tədbirləri görəcək və bu tədbirlər onun üçün ağrılı olacaq".

Ağarza Elçinoğlu