“Son” deyən olacaqmı: tərxisinə bir ay qalmış əsgərimiz özünü niyə öldürdü?

Azərbaycan Ordusu daha bir əsgərini itirib.

APA-nın məlumatına görə, Şəmkir hərbi birləşməsinin əsgəri, Qazax rayonundakı “N” saylı hərbi hissədə xidmət edən Göyçayın Kürdəmiş kənd sakini, 1990-cı il təvəllüdlü Allahverdiyev Seymur Mürvət oğlu dünən postda olarkən tabeliyində olan avtomat silahdan atəş açaraq intihar edib.

17 aydır hərbi xidmətdə olan Seymur Allahverdiyev bu ilin aprelində əsgəri xidmətini başa vuracaqdı. Əsgərin meyiti bu gün səhər saatlarında Göyçaya gətirilərək ailəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyi mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə ilə bağlı cinayət işi qaldırılıb. İntiharın səbəbi araşdırılır.

Onu da bildirək ki, Avropa.info saytının verdiyi məlumatda isə deyilir ki, əsgərin meyitini ailəsinə təhvil verən hərbçilər onun tabutunu açmağa və ailəsinin meyiti görməsinə imkan verməyiblər. onlar mərhumun dərhal dəfn olunmasını tələb ediblər. Məlumatda iddia olunur ki, əsgərin bədənində ağır xəsarət izləri olduğu üçün onun meyitini ailəsinə göstərmirlər.

Onu da bildirək ki, ötən ilin sonunda da bir əsgərimiz döyülərək öldürülmüşdü. Ailəsinin meyidə baxmasından sonar hadisə böyümüş və bu il yanvarın 1-də əsgər ölümləri ilə bağlı böyük aksiya olmuşdu.