Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Fransa prezidenti Emmanuel Makron qlobal istiləşmə, Ukrayna müharibəsi və İranın nüvə sazişini müzakirə etmək üçün Fransanın paytaxtı Parisdə görüşüblər.

"Unikal" xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyindən verilən açıqlamada dünən bir araya gələn Makron və Bin Salmanın iki ölkə arasında münasibətləri gücləndirmək, iqlim kimi qlobal və regional problemlərlə mübarizədə fikir mübadiləsi aparmaq arzusunda olduqları bildirilib.

Görüşdə qlobal istiləşmə ilə yanaşı, Ukrayna müharibəsi və İranın nüvə sazişi də müzakirə edilib.

Bildirilib ki, Makron xüsusilə Ukrayna müharibəsindən sonra Rusiya qazından asılılığını azaltmağa çalışan Avropa ölkələri üçün “enerji təchizatının şaxələndirilməsi məqsədilə Səudiyyə Ərəbistanının başlatdığı koordinasiyanın davam etdirilməsinin” vacibliyini vurğulayıb. Digər tərəfdən mövzu ilə bağlı təfərrüat verilməsə də, Makronun Səudiyyə Ərəbistanındakı insan haqları məsələlərinə də toxunduğu qeyd edilib.

Makronun 2018-ci ildə İstanbul Baş Konsulluğunda öldürülən səudiyyəli jurnalist Camal Qaşıqçının qətlinə görə “məsul” tutulan Bin Selmanla görüşü xüsusilə insan haqları təşkilatları tərəfindən tənqid edilib.