Telman Sadiqov: ""Suriya əhalisinin əksəriyyəti Bəşər Əsəddən razı idi"
Telman Sadiqov: ""Suriya əhalisinin əksəriyyəti Bəşər Əsəddən razı idi"

"Suriyaya səfərlər etdiyim bu 16 il ərzində mən bu ölkədə dilənçi görmədim"

Sadiqov Telman Sadıq oğlu Naxçıvan Turizm və Ekskursiyalar Birliyinin baş direktorudur və uzun muddətdir ki, azərbaycanlı zəvvarların Yaxın Şərq ölkələrindəki müqəddəs ocaqlara səfərini təşkil edir. Onun ən çox səfər etdiyi ölkələrdən biri də Suriya Respublikasıdır. Telman müəllimlə bu günki söhbətimiz elə bu ölkədə son aylarda baş verən hadisələr barədə olacaq.

-Telman müəllim, bildiyimizə görə, Siz turizm şirkətinin rəhbəri kimi uzun müddətdir ki, Suriya Respublikasına tez-tez səfərlər edirsiniz. İstərdik ki, oxucularımıza hazırda diqqət mərkəzində olan bu ölkə barədə bir qədər geniş məlumat verəsiniz.
-Mən turizm şirkətinin rəhbəri kimi 1996-cı ildən müntəzəm şəkildə Suriyaya səfərlər edirəm. Bəzən isə elə olur ki, ayda iki dəfə... Bu 16 il ərzində Suriyanı müşahidə etmək üçün kifayət qədər imkanım olub. Ona görə "kifayət qədər" deyirəm ki, bizim şirkət, əsasən, zəvvarlara xidmət edir və məlum olduğu kimi, Suriyada İslamın, xüsusən də şiəliyin tarixi ilə bağlı müqəddəs ocaqlar çoxdur. Məslən, Xanım Zeynəbin (ə) məqamı, Muhəmməd Peyğəmbər (s.s) xanımları Ümmü Həbibə,Ümmü Sələmənin məqamları, İmam Zeynalabidin (ə) oğlu Əbdüllahın məqamı, 72 Kərbəla şəhidindən 16-nın başının dəfn olunduğu yer, peyğəmbərimizin (s.s) əzançisi Bilal Həbəşinin məqamı, İmam Hüseyn (ə) kəsilmiş başının saxlandığı məqam, Yəhya peyğəmbər (ə) məqamı, Adəm (ə) övladı, bəşəriyyətin ilk şəhidi Habilin məqamı və böyük şairimiz Şeyx İmadəddin Nəsiminin məqamı bu silsiləyə aid müqəddəs ziyarətgahlardandır. Bu səbəbdən də bu ölkənin Şam, Dəməşq, Hələb, Homs kimi böyük şəhərlərini qarış-qarış gəzmişəm və ölkə əhalisinin sosial durumuna yaxşı bələdəm. Mən, adətən, çalışıram ki, olduğum ölkənin indiki durumu və mədəni tarixi barədə geniş məlumat əldə edim. Bunu həm də işim tələb edir, çünki zəvvarları da məlumatlandırmaq lazım gəlir. Ümumiyyətlə, Suriyada əhalinin əksər hissəsini (90%-dən çox) müsəlmanlar təşkil edir, ölkədə xristianlar (7%) da vardır. Bunlar əsasən ərəb xristianlardır bir qismini isə ermənilər təşkil edir. Əldə etdiyi məlumata görə, Suriyada 600 minə qədər erməni yaşayır. İslam ardıcıllarının çoxu hənəfi və digər məzhəbli sünnülərdir (74%). Onlardan başqa əsasən Latakiyada yaşayan nusayritlər (12%), Əs-Suveydə yaşayan druzlar (3%)- hər iki vilayətdə sünnülər azdır - , Salamiyyədə rast gəlinən ismaililər (38 min), ortodoksal şiə-imamlar (15 min) da mövcuddur. Sünnülər əsasən ərəblərin böyük hissəsi və kürdlər, çərkəzlər, türkmən və türklərdir. Şiələr isə, ərəblərin bir hissəsi və farslardır. Xristianlar arasında pravoslavlar (300 min nəfər) və katoliklər (205 min nəfər, yunan-katoliklər, siro-katoliklər, erməni-katoliklər, maronitlər, xaldo-katoliklər, latın ənənəli katoltiklər). Bunlardan başqa, erməni-qriqoryanlar (150 min nəfər), yakobitlər (125 min nəfər), nestorianlar (20 min nəfər), protestantlar (20 min nəfər, presvitreianlar, Yaxın Şərqdə erməni Yevanqelist kilsələri Birliyinin ardıcılları, anqlikanlar, yeddinci günün adventistləri və s.) da yaşayırlar. Xristianlıq əsasən ərəblər arasında yayılıb, eyni zamanda ermənilər və assuriyalılar arasında da mövcuddur. Digər dinlərin ardıcıllarından yezidlər (10 min nəfər, kürdlərin bir hissəsi) və iudaistlər (4,5 min nəfər) vardır.
-Etnik baxımdan kifayət qədər rəngarəng mənzərədir. Müşahidə etdiyiniz qədər, bu xalqların bir-birinə münasibəti necədir?
-Mən bu xalqlar arasında heç zaman istər dini zəmində, istərsə də etnik zəmində dözümsüzlük və yaxud bir-birini bəyənməzlik hiss etmədim.
Qeyd edim ki, bizim şirkətdə həm də Suriya vətəndaşları çalışır. Ora tez-tez səfər etdiyimizə görə, işimizin xatirinə yerli sakinləri də işə götürmüşük. Məsələn, fəal işçilərimizdən biri İsmayıl Əbuheydər adlı kürddür. Onlarla söhbətlərimdə Suriyada məskunlaşmış xalqların iç münasibətləri ilə də maraqlanıram və heç zaman eşitmədim ki, dini-milli zəmində qeybətlər səslənsin. Bunun əsas səbəbi odur ki, Suriya hökuməti milli-dini istiqamətdə düzgün siyasət qurub.
-Suriya əhalisinin dolanışığı, güzəranı necədir? Əhali əsasən nə ilə məşğul olur?
-Suriya əhalisinin böyük hissəsi kəndlərdə yaşayır. Bu da onunla izah olunur ki, Suriya daha çox aqrar ölkədir, şəhərlərdə sənaye çox zəif inkişaf edib. Əhalinin qazancı aşağı olsa da, dolanışıq normaldır. Mən sizə adicə bir faktı deyim ki, Suriyaya səfərlər etdiyim bu 16 il ərzində bu ölkənin nə şəhərlərində dilənçi gördüm, nə də kəndlərində... Suriyada əməkhaqqı aşağıdır. Otel nəzarətçisi 60 ABŞ dolları həcmində maaş alır, amma bu maaş ailəni dolandırmağa kifayət edir. Suriya bazarındakı qiymətlərdən sizi xəbərdar etsəm, dediyim faktın gerçəkliyinə inanacaqsınız. Bu ölkədə 1 kiloqram çörəyin qiyməti 15 liradır. 15 lira bizim pulla 20 qəpik edir və çörəyin keyfiyyətinə söz ola bilməz. Daha bizim Bakının dadsız və dərmanla doldurulmuş ziyanlı çörəkləri kimi deyil. Dəməşqin və ya Hələbin bazarında bir kiloqram göyərti üçün bizim pulla 10 qəpik pul ödəmək lazımdır və ya bir kiloqram limon üçün 20 lira, yəni 25 qəpik ödəməlisən. Göründüyü kimi, Suriyada dolanışıq problemi ciddi məslə deyil.
-Suriyalıların ölkə prezidenti Bəşər Əsəd qarşı münasibəti necə idi?
-Mən Suriyada sonuncu dəfə 6 ay bundan əvvəl olmuşam. Oradakı vəziyyət müəyyən dairələrin göstərişi ilə işləyən beynəlxalq informasiya agentliklərinin təqdim etdiyi kimi deyil. Camaat mitinqlərə, əsasən, cümə günləri çıxır. Çünki cümə günləri əhalinin əksəriyuyəti məscidlərə gəlir ki, cümə namazında iştirak etsin və namazdan sonra mitinqlər başlanır. Bəlkə də, indi söyləyəcəyim fikir oxucularınıza qəribə görünəcək, amma bunu deməliyəm: Suriya əhalisinin çoxusu Bəşər Əsədi dəstəkləyir. Mitinqlərdə və ya toqquşmalarda, qarşıdurmalarda iştirak edənlər əhalinin az bir qismini təmsil edir. Bizim son olduğumuz şəhər Xoms idi. Yeri gəlmişkən, Bəşər Əsədin atası Hafiz Əsəd bir zamanlar bu şəhərdə 20 minə qədər insanı qırdırıb. Ona görə də indiki gərginliklərin önündə gedən bu şəhərin əhalisidir. Biz orada olarkən mitinqlər davam edirdi. Amma toqquşma və ölüm halları görmədik. Bununla belə söhbətləşdiyimiz adi suriyalılar da ölkədə baş verənlərə təəccüblənirdilər.
-Bəs onda bu gün Suriyada nələr baş verir? Bu iğtişaşların arxasında kimlər durur?
-Bu iğtişaşların arxasında kimlər durur? Liviyada, Misirdə, Tunisdə, Bəhreyndə kimlər dururdusa, Suriyada da onlardır.
-Telman müəllim, mən bilirəm ki, Siz siyasi prosesləri də gözəl analyır və təhlil edə bilirsiniz. Ümumiyyətlə, bu gün Yaxın və Oprta Şərqdə nələr baş verir? Sizcə, dünya mətbuatında "ərəb baharı" kimi təqdim edilən fenomenin arxasında nələr və kimlər durur?
-Yadınızdadırsa, təxminən, 4-5 il əvvəl dünya mətbuatında Amerika Birləşmiş Ştatlarının "Böyük Orta Şərq" planı barədə informasiya və təhlillər yer almışdı. Bu plana əsasən, Orta Şərqin siyasi xəritəsi yenidən cızılmalı idi. Yəni Tripolidən (Liviya) başlayaraq Kabilə (Əfqanıstan) qədər nə qədər müsəlman dövlətləri var idisə, bunların ərazilərində və siyasi sitemlərində dəyişikliklər edilməsi planlaşdırılmışdı. O zaman dünya mətbuatı və dünya ictimaiyyəti bu plana qarşı çox kəskin reaksiya verdi və sanki bu plan bir müddət yaddan çıxdı. Amma indi Orta Şərqdə baş verən hadisələr göstərir ki, belə deyilmiş. Birləşmiş Ştatlar və bir sıra beynəlxalq maliyyə dairələri hər halda öz planlarını gerçəkləşdirə bildilər. Guya ki Liviyanı Qəddafinin cəngindən qurtaranlar bu gün artıq Liviyanı parçalamaqla məşğuldurlar və Liviya faktiki olaraq bölünüb. İndiki Suriyadakı durum o zaman Liviyada da var idi, yəni liviyalılar maddi cəhətdən çox yaxşı təmin edilmişdilər, dolanışıqları da normal idi. Bəs bu gün Liviya nə gündədir? Birləşmiş Ştatlar və İsrail eyni oyunu Misirin də başına gətirdi. Yaxın Şərqdə söz və nüfuz sahibi olmuş Misir bu gün münaqişələr və qarşıdurmalar diyarına çevrilib. Amerikanın "Böyük Orta Şərq" layihəsinin ən təhlükəli tərəfi budur ki, bu layihəyə görə, Şərq dövlətlərinin sərhədləri də dəyişdirilməlidir. Artqı Liviyada bunu etdilər - ölkəni parçalamaqla. Liviyadan qabaq isə İraqı parçalayıblar. Faktiki olaraq bu günki İraq ərazisində iki dövlət var. Belə deyək də, birincisi "könə" İraqdır, ikincisi isə Kürdüstandır. Kim qarant verə bilər ki, bu "cərrahi əməliyyat" sabah Türkiyənin və yaxud Azərbaycanın başına gətirilməyəcək? Yadda saxlayaq ki, Birləşmiş Ştatların gündəliyində Suriyadan sonra İran durur.
Söhbətləşdi: Savalan