Bakı avtovağzalında korrupsiya şübhəsi


Avtovağzala daxil olan avtomobillərdən yığılan pullar hara gedir?

«Bakı avtovağzalında sahibsizlikdir. Burada az qala nəfəsi də pula satırlar». Bunu «Unikal»a taksi sürücüləri bildiriblər.

Onların sözlərinə görə, avtovağzala daxil olan avtomobillərdən 1 manat alınır: «Bu istər taksilər olsun, istərsə də digər avtomobillər olsun - hamısına aiddir. Əgər gün ərzində 10 dəfə avtovağzala daxil olsan, hər dəfə həmin 1 manatı verməlisən. Bu pullar kimə gedir, niyə əvəzində heç bir qəbz verilmir, bunu bilən yoxdur. Aydın məsələdir ki, həmin pullar kimlərinsə cibinə gedir».

Sürücülərin sözlərinə görə, anormal vəziyyət yaranıb: «Yaxşı deyək ki, taksi sürücülərindən bu 1 manatı ona görə alırlar, biz qəpik-quruş da olsa, nəsə qazanırıq. Bəs başqa sürücülərdən bu giriş pulunu almaq hansı məntiqə sığır? Kimsə öz yaxınını yola salmaq və ya qarşılamaq üçün şəxsi avtomobilində avtovağzala gətirir. Axı heç kim avtovağzaldan harasa pulsuz getmir? Buna görə gediş haqqı ödəyir. Elə isə onu avtovağzala və ya avtovağzaldan pulla buraxmaq nə üçündür? Kiminsə cibləri dolacaq deyə, sadə insanların cibi boşalmalıdır?»

Həmsöhbətlərimiz onu da bildiriblər ki, əslində avtovağzala giriş haqqının 50 qəpik olduğuna dair də söz-söhbətlər dolaşır: «Bəziləri deyir, 50 qəpik giriş haqqı qanunidir, amma buradakılar 50 qəpik də üstünə qoyublar. Hər bir halda bu korrupsiyadır. Çünki ortada heç bir qəbz yoxdur. Belə də necə müəyyənləşdirilir ki, gün ərzində burada nə qədər pul toplanır və onun nə qədəri həqiqətən dövlətə gedir?»

Mövzu ilə bağlı qarşı tərəfin də münasibətini dinləməyə və çap etməyə hazırıq.