Saakaşvili nəyə gəlib?

Ərəstun Oruclu: “Hazırda Saakaşvili toy generalı durumundadır”

Hazırda Cənubi Qafqaz bölgəsində gedən ən mürəkkəb proseslərdən biri də qonşu Gürcüstanda baş nazir İvanişvili ilə prezident Saakaşvili arasında yaranmış barışmaz siyasi kurslar və bundan daha çox barışmaz intriqadır.

Analitiklərin bir qismi hesab edir ki, bu barışmazlıq daha çox qərbyönümlü Saakaşvili ilə rusiyameylli İvanişvilinin üz-üzə gəlməsindən qaynaqlanır.

Digər analitiklərin fikrincə, bu intriqanın kökündə, sadəcə, şəxsi haq-hesablar və ölkədə monopoliya yaratmaq cəhdləri dayanır.

Tanınmış politoloq Elaxan Şahinoğlunun fikrincə, “Gürcüstan prezidentinin gözlənilmədən Bakı səfərinin arxasında bir sıra məqamlar dayanır. Saakaşvili rəsmi Bakıdan İvanişviliyə qarşı kömək istəyəcək. Bizdə məşhur bir atalar sözü var ki, iki qoçun başı bir qazanda qaynamaz. Bu atalar misalını hazırda daha çox Gürcüstana aid etmək olar. Məlumdur ki, Bidzina İvanişvilinin hakimiyyətə gəlişindən sonra Gürcüstanda ikihakimiyyətlilik yaranıb. Saakaşvili Azərbaycana daha çox bağlı olan siyasətçidir. O obyektiv olaraq anlayır ki, Gürcüstanın müstəqilliyinin möhməkləndirilməsi, inkişafı Azərbaycanla əməkdaşlıqdan çox aslıdır. Çox təəssüf ki, baş nazir İvanişvili fərqli siyasət yürüdür. Bu ərəfədə Saakaşvilinin Bakıya gəlməsi Gürcüstan prezidentinin bir daha Azərbaycana önəm verdiyini göstərir. Saakaşvilinin Bakı səfəri hesab edirəm ki, onun üçün yüksək əhəmiyyətə malikdir”.

Politoloq Ərəstun Oruclunun “Unikal”a bildirdiyinə görə, “Hazırda Prezident Saakaşvilinin Gürcüstandakı durumu olduqca xoşagəlməzdir. Yeni baş nazir Bidzina İvanişvili onu bütün cəbhəboyu küncə qısnayıb və proseslərin gedişindən hiss olunur ki, Gürcüstanda bu iki siyasətçi arasında siyasi müstəvidə ölüm-dirim savaşı gedir. Belə bir vəziyyətdə küncə qısnanmış Saakaşvili özünə arxa və dayaq axtarır. Onun Bakıya qəfil gəlişi də bunla bağlı ola bilər. Qəribədir ki, rəsmi səfərdən əvvəl heç bir tərəfdən proqram açıqlanması olmayıb, yəni səfərin məqsədi və görüşlər zamanı müzakirə ediləcək məsələlər barədə əvvəlcədən məlumat verilməyib. Bu fakt bir daha təsdiq edir ki, Saakaşvilinin Bakıya səfəri daha çox şəxsi xarakter daşıyır”.

Politoloqun sözlərinə görə, “Gürcüstanın baş naziri Bidzina İvanişvilinin yürütməkdə olduğu xarici siyasət Azərbaycanla Gürcüstan arasında müəyyən ziddiyyətlər yaradıb. Yeni baş nazir İvanişvili eyforiyadan hələ tam ayılmayıb və Azərbaycana qarşı münasibətdə prinsipial səhvlər buraxır. Çox güman ki, prezident Saakaşvili də bu ziddiyyətlərdən bəhrələnmək üçün rəsmi Bakı ilə təmasları dərinləşdirmək istəyir. Əslində, Gürcüstanın yeni konstitusiyasının qüvvəyə minməsinə lap az vaxt qaldığından prezident Saakaşvilinin elə də ciddi səlahiyyətləri qalmayıb və hazırda o, toy generalı durumuna düşüb”.

Politoloq hesab edir ki, “Bakı səfərində baş nazir İvanişvili ilə Azərbaycan hakimiyyəti arasındakı soyuqluqdan faydalanmağa can atacaq prezident Saakaşvili “köhnə döyüşçü”lərdəndir və o, İvanişviliyə elə-belə təslim olmayacaq. Hazırda onun əlində bir prezident kimi ciddi səlahiyyət var – İvanişvilini hakimiyyətə gətirən parlamenti buraxmaq və yeni parlament seçkiləri keçirtmək. Amma bu da çox riskli bir addımdır və müsbət nəticə verəcəyinə bu başdan əmin olmaq çox tezdir. Bunun üçün yaxın dövrlərdə baş nazirin daxili siyasi-sosial kursunda xoşagəlməz qüsurların olub-olmaması ilə bağlı olacaq. Ölkədə əhalinin sosial vəziyyəti ağırlaşsa, Saakaşvili bundan məharətlə istifadə edə biləcək və revanş şansı olacaq”.