Litvaya


Azərbaycanın Litvadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib.

Səfirlikdən APA-ya verilən məlumata görə, etiraz notası Litva Seyminin bir qrup üzvünün Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimlə dostluq qrupu yaradılması təşəbbüsü ilə bağlıdır.

Səfirlikdən bildiriblər ki, bu məsələ ilə əlaqədar bir sıra görüşlər keçirilib və Azərbaycan tərəfinin etirazı, narahatlığı Litva rəsmi dairələrinə çatdırılıb: “Azərbaycan səfirliyi öz etiraz notasını təqdim edib, biz bununla bağlı şifahi cavab almışıq və hazırda rəsmi cavabı gözləyirik. Bu təşəbbüs Litva-Ermənistan parlamentlərarası dostluq qrupunun bir qrup üzvü tərəfindən irəli sürülüb, amma bu, heç də ölkənin rəsmi mövqeyini əks etdirmir. Litva ölkəmizin ərazi bütövlüyünü tanıyır, məlum addım sadəcə bəzi deputatların şəxsi təşəbbüsüdür. Azərbaycanın Litvadakı səfirliyi bu dostluq qrupunun yaradılmasının qarşısını almaq üçün bütün vasitələrdən istifadə edəcək”.

Qeyd edək ki, Litva Seyminin bir qrup deputatı tanınmamış separatçı qurum olan “Dağlıq Qarabağ Respublikası” ilə dostluq qrupunun yaradılması haqqında bəyannamə imzalayıb.