İndiqo uşaqlar artıq buradadırlar


Azərbaycanda 8 yaşlı "maqnit uşaq" yaşayır

Genetiklərin, ekstrasenslərin və psixoloqların etiraflarına görə, 1991-ci ildən sonra anadan olan uşaqlarda qeyri-adi keyfiyyətlər müşahidə olunur. Belə ki bu uşaqlar bizlərdən tamamilə fərqli özəlliklərə malikdirlər. Onların özəllikləri barədə danışmazdan əvvəl elə Azərbaycanın özündən bir misal çəkmək istərdik.
EL TV xəbər verir ki, Göyçay rayonunda azyaşlı uşaq bədəninə metal əşyalar yapışdırmaqla hamının diqqətini özünə cəlb edir. Bu oğlan rayonun Mırtı kənd orta məktəbinin 2-ci sinif şagirdi olan Rəcəb Cəbiyevdir. Bədənində bir neçə vaxtdır ki, güclü bioenerjinin olduğu müəyyən edilən səkkiz yaşlı Rəcəb bədəninə müxtəlif metal qaşıqlar, çəngəl və bıçaqlar, açar, mobil telefonlar və digər əşyalar yapışdıra bilir. Elə bu səbəbdən də ona son günlər kənddə “Maqnit uşaq” kimi müraciət edirlər. Qeyd edək ki, o, sinəsində və kürəyində eyni vaxtda 30-dan artıq metal əşyanı əl vurmadan saxlaya bilir. Bu qeyri-adi güc ailə üzvləri arasında yalnız Rəcəb Cəbiyevdə var. Onun sözlərinə görə, ilk dəfə o bu qabiliyyətini telekanalların birində verilişə baxdığı zaman hiss edib. Çünki verilişə baxa-baxa Rəcəb də bu qayda ilə evdə olan əşyaları öz bədənində sınaqdan keçirib.
“Maqnit uşaq” bunu birinci babası Nizaməddin Cəbiyevə, sonra ailə üzvlərinə deyib və göstərib.
Onu da bildirək ki, Rəcəb bədənində aşkar olunan güclü maqnitə görə səhhətində heç bir problemin olmadığını deyir.

İndiqolar kimlərdir?

İndiyə qədər elm hesab edirdi ki, Homo Sapiens təkamülün ən yüksək dərəcəsidir. Amma alimlər indi daha çox ehtimal edir ki, bizim öz növümüz də inkişaf mərhələsindədir.
İndiqo uşaqlar haqqında ilk dəfə amerikan ekstrasensi Nensi Enn Tepp danışmağa başlayıb. O, insanların auralarını yoxlaması zamanı bu qeyri-adi uşaqların aurasının başqalarından fərqli rəngdə - tünd göy rəngdə olduğunu bildirmiş və belə auralı insanları indiqo insanlar adlandırmışdır.
İndiqoların fərqli cəhəti də odur ki, onlar ətraf aləmi dərk etmək üçün intusiyaya daha çox üstünlük verirlər. Müəyyən situasiyanın həlli yolunu intuisiya ilə daha çox tapırlar. Bundan əlavə, indiqo rəngli auraya malik insanlar telepatik olaraq uzaq məsafələrdən bir-biri ilə əlaqə qurumağı da bacara bilirlər. Onlardan əksəriyyəti rentgen kimi insanların daxili organlarını görə, hiss edə, ovucları ilə kitabları oxuya və s. fenomenal qabiliyyətlərə də malikdirlər. İndiqo insanlar keçmiş həyatını, uşaq yaşlarında baş verən hadisələri kiçik detalları ilə olduğu kimi yadda saxlaya bilirlər. Bəzi indiqo insanlar noosfera ilə əlaqəyə girib, oradan lazımı informasiyaları qəbul edir, bəziləri hətta kosmosdan gələn siqnalları belə analiz etmək imkanına malik olur.
Bəzi indiqolar fərqli immunitetlərinə görə başqalarından seçilir. Belə ki, XX əsrin 90-cı illərində HİV virusuna yoluxmuş ana bir uşaq dünyaya gətirir. Analizlərin cavabına əsasən bu uşaq da HİV-ə yoluxmuş hesab edilir. Bir müddətdən sonra, uşağı 6 yaşında ikən təzədən qanın analizi zamanı heç bir virus tapılmır. Alimlərin analiz üçün həmin uşaqdan götürdükləri DNT-yə əsasən müəyyən oldu ki, bu uşaqda 20 kodon əvəzinə 24 kodon "işləyir".
İndiqo uşaqlara ötən əsrin 90-cı illərində az-az rast gəlinirdi. Amma günü-gündən onların sayı artmaqdadır. Bəzi hesablamalara görə artıq onların sayı 60 milyona çatıb. İndiqo auralı insanlar daxilən ziddiyətli şəxslərdir. Onların insanlara sevgisində xüsusi bir ahənglik olur. Sadə və fərasətli, agressiv, başqaları ilə o qədər də maraqlanmamaq kimi bir çox xüsusiyyətləri özündə cəmləyirlər. Onlar nüfuzlu insanları qəbul etmir, özlərini daha əhəmiyyətli sayırlar.
İndiqo insanların marağına səbəb olan bir şeyi onlar yarımçıq cümlədən mənimsəməyə, dərk etməyə başlayırlar. Bundan əlavə onların rəqəmli texnologiyalardan yaxşı başı çıxır. İndiqo insanların reallığa baxışı tam fərqli olur və onlar müəyyən problemləri heç kəsin görə bilmədiyi və gözləniləməyən tərəfdən həll etməyə çalışır.
Özlərinin unikallığına baxmayaraq, onların da bəzi çatışmamazlıqları vardır. Ətrafdakıların onları başa düşməməsi səbəbindən özlərinə qapılırlar. İntellektual potensiallarının çox olmasına baxmayaraq, onlar dərs proqramlarını çox çətinliklə ödəyə bilirlər. Öz daxili meyarlarına rəhbərlik edən indiqolar özlərinə lazım olan və lazım olmayanı öyrənməyə çalışırlar. Onlara imtahan vermək çətindir. Onlar heç cür dərk etmir ki, oxuyub kiməsə cavab verməlidirlər. Onlar ətraf cəmiyyətə, onların hərəkət tərzinə uyğunlaşa bilmirlər. "Düzəlməkdən" imtina edirlər. "Öz səhvlərini" qəbul etmək istəmirlər. İndiqo üçün vacibi onun özü kimisi ilə bir yerdə olmasıdır.

İndiqolar ziyan vura bilərmi?

İndiqolar özləri-özlərinə təhlükəli deyillər. Onların nəyisə dağıtmaq məqsədi də yoxdur. Amma əgər cəmiyyət onu qəbul etmirsə, onun hərəkətlərinə normal baxmırsa, onda onlar aqressiv ola bilirlər. Düşdüyü mühit onları qəbul etmirsə, o qisas ala bilir. İndiqo uşaqları aldatmaq təşəbbüsü heç cür mümkün deyil. Sonra isə onun inamını qaytarmaq da qeyri-mümkündür.
İndiqolar hər zaman müşahidəçi və ağıllı olurlar. İndiqolar hətta valideyin və ətrafındakılarının zəif nöqtələrini bilib, onları idarə etməyi də bacarırlar. İndiqolar əmindirlər ki, onlar seçilmişlərdən biridir və yerdə öz missiyaları var və onlara qarşı heç kim çıxa bilməz.

Savalan