Şri Lankanın Baş naziri Ranil Vikremesinq Parlamentdə hökumətin iqtisadiyyatı sabitləşdirmək üçün qlobal tərəfdaşlarından və Beynəlxalq Valyuta Fondundan (BVF) kömək istədiyini deyib. 

"Unikal" CNN-ə istinadən xəbər verir ki, Baş nazirin sözlərinə görə, hazırda 22 milyonluq ada ölkəsi iqtisadi çöküş mərhələsindədir. 

Qeyd olunub ki, Şri-Lankanın valyuta ehtiyatları rekord həddə düşüb, ərzaq, dərman və yanacaq daxil olmaqla, vacib idxalı ödəmək üçün dollar tükənib. İndi ölkə son 70 ilin ən pis maliyyə böhranının ortasındadır.

Son həftələrdə hökumət böhranın öhdəsindən gəlmək üçün kəskin tədbirlər görsə də, hələ də buna nail olunmayıb. 

"Tamamilə çökmüş iqtisadiyyatı, xüsusən də xarici ehtiyatları təhlükəli dərəcədə aşağı olan ölkəni dirçəltmək asan məsələ deyil. Əgər başlanğıcda heç olmasa iqtisadiyyatın çöküşünü ləngitmək üçün addımlar atılsaydı, bu gün bu çətin vəziyyətlə üzləşməzdik", - Vikremesinq əlavə edib. 

Onu da deyək ki, əhali ilə polis arasında qarşıdurmalar, həmçinin ayrı-ayrı ərazilərdə xaos yaranıb. 

Polis rəsmilərinin bildirdiyinə görə, təkcə bu həftə yanacaq növbələrində 11 nəfər ölüb.

Ağarza Elçinoğlu