Erməni yazıçı Levon Cavaxyan: «Ermənistanda belə bir stereotip var ki, türklər və azərbaycanlılar pis xalqlardır»

"Babam Azərbaycan mədəniyyəti ilə yaxından tanış idi, hətta bayatılar oxuyurdu, bunu çox yaxşı xatırlayıram".

"Mən dostluqdan yazmışdım, onlar isə mənim yadıma erməni soyqırımını salırdılar".

2008-ci ildə yazdığı hekayəyə görə “Azərbaycanpərəst”likdə və “satqın”lıqda suçlanmış erməni yazıçı Levon Cavaxyanın Azadlıq Radiosuna müsahibəsi

- Ötən həftənin sonu siz Yerevanda mətbuat konfransı keçirdiniz və Azərbaycanda Əkrəm Əylisli ilə bağlı baş verən olaylara münasibət bildirdiniz. Həmin olayların nisbətən səngidiyi bir vaxtda belə bir mətbuat konfransına qərar verməyiniz nə ilə bağlı idi?

- Türkiyənin tanınmış naşirlərindən və hüquq müdafiəçilərindən olan Raqip Zarakolu həm mənə, həm də Əkrəm Əylisliyə məktub yazmışdı və xahiş etmişdi ki, biz müştərək kitabımızın çapına icazə verək. Həmin kitabda Ə.Əylislinin romanı və mənim hekayələrim toplansın. Mənim “Gümüş sap” adlı hekayə toplumdan söhbət gedir. Həmin topluda azərbaycanlı və ermənilərin dostluğundan bəhs edən “Kirvə” hekayəm də var. Mətbuat konfransını mən Zarakolunun bu xahişinə öz tərəfimdən “hə” demək üçün keçirmişdim. Həm də Ə.Əylisliyə qarşı təzyiqlərdən narahat olduğumu, yazıçının hansısa əsərinə görə bu cür təqib edilməsinin yolverilməz olduğunu demək istəyirdim. Mən Ermənistan ictimaiyyətinə də üzümü tutdum ki, siz Ə.Əylisli haqqında elə danışmamalısınız ki, bu orada ona qarşı hücumların daha da artmasına səbəb olsun. Ona görə mən Zarakoluya məktub da yazdım ki, biz burada Ə.Əylislini müdafiə edəndə bu, Azərbaycanda onun ziyanına işləyir. Amma o, sülh carçısı və cəsur bir yazıçıdır, onu müdafiə etmək lazımdır. Mən türk ziyalılarından Ə.Əylislini müdafiə etmək yükünü öz üzərinə götürməyi xahiş etmişəm. Mənim müraciətimə reaksiya da verilib və Türkiyədə Ə.Əylislini müdafiə edən mətbuat konfransı keçirilib.

- Bildiyimizə görə, “Kirvə” hekayəsinin çapından sonra sizi də Ermənistanda xain və “azərbaycanpərəst” olmaqda günahlandırmışdılar.

- Düzdü, belə ittihamlar olmuşdu, amma heç kim evimin qarşısında mitinq keçirmədi, repressiyalar olmadı. Hekayə 2008-ci ildə burda “Panorama” qəzetində çap ediləndən sonra bəzi millətçilər mətbuatda məni “satqın” adlandırdılar. Üstəlik onu da deyim ki, həmin hekayəyə görə Azərbaycandan olan bir qeyri-hökumət təşkilatı məni “Cənubi Qafqazda sülh və tolerantlığın təbliğinə görə” mükafata layiq gördü. Mən də onu qəbul etdim. Hekayə 80-ci illərin axırlarında azərbaycanlıların Ermənistandan çıxarılmasından bəhs edir. Sumqayıtdakı qətllərdən sonra. Iki dost olur, biri erməni, o birisi azərbaycanlı. Azərbaycanlı ermənidən inək alır, amma pulun hamısını vermir, borclu qalır. Bu zaman həmin milli məsələ başlayır, Azərbaycanda da poqromlar olur, Ermənistanda da. Amma öz kəndini tərk etməyə məcbur olsa da, azərbaycanlı pulun qalan hissəsini öz erməni dostuna çatdırmağa çalışır... (Hazırda tərcümə edilən “Kirvə” hekayəsini yaxın günlərdə çap edəcəyik - AR) Həmin hekayə Türkiyədə də çap edilib və müzakirə olunub.

- “Kirvə” hekayəsi ilə, bir yazıçı kimi, nə demək istəmisiz?

- Məni ittiham edirdilər ki, mən “azərbaycanlılar da bizim kimi insanlardır” demək istəmişəm. Doğrudan da bu belədir. Demək istəmişəm ki, onlar haqda başkəsən obrazı yaratmaq lazım deyil, onlar da bizim kimi mehribandırlar, düşmənçiliyin olmasını istəmirlər. Mən dostluqdan yazmışdım, onlar isə mənim yadıma erməni soyqırımını salırdılar. Mənim üçün pis xalq anlayışı yoxdur. Ermənistanda belə bir stereotip var ki, türklər və azərbaycanlılar pis xalqlardır. Mənsə deyirəm ki, tariximizi bilək, amma heç bir xalqı pis adlandırmayaq.

- Ermənistan mətbuatını izləyəndə belə təsəvvür yaranır ki, sanki bir eyforiya yaşanır. Sanki kimlərinsə əlinə bəhanə keçib ki, “gördünüz, biz deyirdik, azərbaycanlılar vəhşidir, Ə.Əylisli də bunu təsdiqlədi” söyləsinlər. Sizcə, Ermənistanda Ə.Əylislinin mesajını düzgün anlayıblarmı?

- Məncə, çoxluq səhv başa düşüb. Onlar romana dəlil-sübut kimi yanaşdılar. Bu münaqişədə azərbaycanlıların da səhvləri olub, bizim də. Hər bir xalqın cəsur yazıçıları olmalıdır və onlar hər iki tərəfin səhvlərini deməlidirlər. Burada hətta ziyalıların ən tanınmışları da azərbaycanlılara qarşı nifrətdən qurtula bilmir. Deyirlər, Ə.Əylisli yaxşıdı, azərbaycanlılarsa pis. Mənsə deyirəm ki, hər bir xalqın yaxşısı da var, pisi də. Mənim üçün iki Azərbaycan var: Ramil Səfərovun Azərbaycanı və Əkrəm Əylislinin Azərbaycanı. Əkrəm Əylislinin romanı Azərbaycanı ucaltdı, onun haqqında əlibaltalı cinayətkar obrazı yaradılmasına imkan vermədi. Mən Ə.Əylislinin Azərbaycanını çox sevirəm və ona inanıram.

- Sizcə, Azərbaycan və Ermənistan cəmiyyətləri sülhə hazırdılarmı?

- Hələ yox. Nə hakimiyyətlər, nə də xalqlar. Bunun üçün xalq diplomatiyası lazımdır. Bizim Hovanes Tumanyan, Xaçatur Abovyan kimi klassiklərimiz, Vardqes Petrosyan, Qrant Matevosyan kimi yazıçılarımız olub. İnsanların şüuruna yeritmək lazımdır ki, dünyada pis xalq yoxdur. Sadəcə, situasiyanın girovları var və biz yazıçıların üzərinə tökülən qanı təmizləmək, dostluq üçün zəmin yaratmaq missiyası düşür. Yuxarılar bölgəyə sülh gətirə bilmir, bu, aşağılardan gəlməlidir. Xüsusən də incəsənət xadimlərindən.

- Bəs bu gün Ermənistanda Xocalı faciəsi haqda əsər yaza bilən yazıçı varmı? Əgər kimsə belə bir əsər yazsa, nə baş verər?

- Mən Ermənistanda belə bir əsər yazmaq riskinə gedəcək yazıçı görmürəm. Əkrəm Əylisli bu baxımdan çox cəsarətli yazıçıdır. Bizdə belə cəsarətli yazıçı yoxdur. Nəinki Əkrəm Əylislinin romanına oxşar, hətta mənim “Kirvə” kimi məsum hekayəmə bənzər bir əsər yazmaq cəsarətinə malik deyillər onlar.

- Yəni Ermənistan cəmiyyətində belə söhbətlər etmək çox çətindir...

- Bizim rəhbərlər bunun baş verməməsi üçün əllərindən gələni ediblər. Halbuki addım-addım buna getmək lazımdır.

- Hekayəniz real hadisələrə əsaslanır?

- Mən Tumanyan və Matevosyanın doğulduğu Lori vilayətindənəm. Orada Türk kəndləri də olub. Hekayə tam şəkildə olan hadisəyə əsaslanır. Mən heç nəyi artırıb-əskiltməmişəm. Mənim babamın azərbaycanlı dostu olub. Babam Azərbaycan mədəniyyəti ilə yaxından tanış idi, hətta bayatılar oxuyurdu, bunu çox yaxşı xatırlayıram. Həmin hadisələr başlayanda babamın dostu Ermənistandan çıxarılıb. Necə var, elə də yazmışam. Mən həmin hadisə haqda eşidəndə bundan bir insan kimi çox mütəəssir oldum. Ana babamın adı Aşot, onun dostunun adı isə Həsən olub. Onun azərbaycanlı dostları çox olub, onlara “kirvə” deyirdi. O hekayə həm də simvolikdir. Söhbət təkcə inəyin pulundan, maddi borcdan getmir. Hekayədə demək istəyirəm ki, bu iki xalq bir-birinə borcludur, onların bir-biri qarşısında dostluq borcu var, sülh borcu var. Mən bu hekayəni yazanda heç ağlıma da gətirməzdim ki, kimsə mənə “satqın” deyəcək, Azərbaycanda isə mənə mükafat verəcəklər.

- Eşitdiyimizə görə, həmin hekayənin çapından sonra Ermənistan Yazıçılar Birliyi də sizə qarşı çıxıb və siz buna etiraz olaraq birlikdən istefa vermisiz...

- Yox, belə olmayıb. Yazıçılar Biriyindən çıxmağım onunla bağlı idi ki, mən EYB-ni sovet dövründən qalma bir qurum sayıram. 500 nəfər yığışıb ora və heç bir islahat getmir. Hər şey 40 il qabaq necə idisə, indi də elədir. Bir qrup adam o təşkilatı hansısa imtiyazlara sahib olmaq olmaq üçün alətə çevirib. Mənsə müstəqil adamam. Heç bir titulum yoxdur, hansısa toplular çap ediləndə yada düşmürəm. Amma mənim onlara ehtiyacım da yoxdur. Çörək pulumu özüm qazana bilirəm. Yerevanda “Vernisaj”da gümüş satıram. Bu, ailəmin dolanışığına bəs edir, heç kim də mənə nə yazmalı olduğumu göstəriş vermir...