Fransa

Bu gün Parisdə Fransa Milli Assambleyasının binasında iki azərbaycanlı tələbə vəhşicəsinə döyülüb.

APA-nın Avropa müxbirinin məlumatına görə, Fransa Milli Assambleyası Fransadakı erməni icmasının nümayəndələri və Fransa parlamentinin bir neçə deputatının iştirakı ilə “Sumqayıt hadisələrindən 25 il sonra; hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” adlı tədbir keçirilib.

Tədbirin təşkilatçısı Fransa Milli Assambleyasının üzvü, ermənipərəst mövqeyi ilə tanınan parlamentar Fransua Roşebloun olub.

Tədbir barədə məlumat əldə edən Fransada təhsil alan iki azərbaycanlı tələbə- Mirvari Fətəliyeva və Vüsal Hüseynov konfrans zalına gəliblər. Onlar tədbirin gedişində Xocalı hadisəsinin bu gün baş verdiyini bildirib, şüarlar səsləndiriblər. Lakin onların şüarları təhdidlə qarşılanıb.

Konfrans zalının qapılarını bağlayan tədbir təşkilatçıları hər iki tələbəni vəhşicəsinə döyüblər, onların döyülməsi çağırışını isə deputat Fransua Roşebloun şəxsən edib.

Hadisə yerinə polis və təcili tibbi yardım gəlib.

Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları da hazırda hadisə yerindədirlər. Onlar APA-ya faktı təsdiqləyərək, azərbaycanlı tələbələrə ağır xəsarət yetirildiyini bildiriblər: “Hazırda tələbələrimizə ilkin tibbi yardım göstərilir. Onların vəziyyəti ağırdır, xəstəxanaya aparılacaqlar”.

APA-nın Avropa müxbirinin məlumatına görə, hadisə tədbir başlayanda baş verib. Belə ki, tədbir iştirakçıları Sumqayıtda ölən erməniləri bir dəqiqəlik sükutla yad ediblər. Bu vaxt ayağa qalxmayan Azərbaycan tələbələrdən bunun səbəbi soruşulub. Mirvari Fətəliyeva isə “bu gün Azərbaycanda Xocalı soyqırımının ildönümüdü, biz bu qətliamı yad edirik” deyə cavab verib.

Onun bu sözü erməniləri özündən çıxarıb və 40 nəfərə qədər erməni və fransız tələbələri döyüb.

Tələbə xanıma daha az xəsarət yetirilməsinə çalışan digər azərbaycanlı tələbə Vüsal Hüseynov çox ağır bədən xəsarətləri alıb. Onun daxili orqanlarının zədələndiyi, qabırğasının sındığı bildirilir.