Dövlət Bağçalı: “Ən alçaq cinayətlər Xocalıda törədilib”

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı partiyasının parlament fraksiyasının toplantısındakı çıxışında Xocalı soyqırımına toxunub.

D. Bağçalı bu gün 21 ilk əvvəl Xocalıda baş verən kütləvi qətlin ildönümü olduğunu xatırladaraq sözünə başlayıb: “Türklüyün müqəddəs damarlarından biri olan Xocalıda yaşanan vəhşət və zülm heç vaxt hafizələrdən çıxmayacaq dərəcədə acı və kədər verici hadisədir. 26 fevralı gecəsi Sovet İttifaqına aid 366-cı alayın dəstəyi ilə erməni işğalçıları tərəfindən edilən hücum nəticəsində 613 soydaşımız həlak olub. Bunların 106-sı qadın, 83-ü uşaq olub. İnsanlığın vicdanına qara bir ləkə olan bu qətliamda 487 qardaşımız ağır yaralanıb, 1275-i girov götürülüb. Erməni dəstələri vaxtilə Bakıda, Şamaxıda, Qubada, Gəncədə, vətənimizin bir çox yerində qan axıdıb, qətl törətmək işində nə qədər inkişaf etdiklərini göstəriblər. Yurdumuzun hər yerində keçmişdə imperialistlərin əlində alət olan erməni canavarlarının amansızlıqlarının nəticəsi olan kütləvi məzarlıqlar var. Xocalı olayı bu qara zəncirin bir həlqəsi olaraq hamımızın qəlibində dərin izlər buraxıb. Xocalıda insanlıq yerin dibinə girib, vicdan və mərhəmət itib. Bu əziz türk yurdunda insanların başı bədənindən qoparılıb, anaların qarnı yarılıb, orta əsr işgəncə metodlarından istifadə olunub. Erməni ölüm tacirləri və onların arxasında duran vəhşilər atanın gözü önündə övladını, övladın gözü önündə də atanı qətlə yetirib. Tükürpərdici və ən alçaq cinayətlər Xocalıda törədilib. Amma hər kəs bilməlidir ki, Xocalı milli qürurdur, Xocalının qanına girənlər öz əməllərinin hesabını vaxtı çatanda verəcək. Biz keçmişdə yaşanan acıları unutmadıq, unutmayacağıq və kimsəyə də inşallah, unutdurmayacağıq”.