18 Sentyabr 2019
Milli Məclisdə Abdullah Gül üsyanı
Milli Məclisdə Abdullah Gül üsyanı SİYASƏT 13:43 2013-02-22


Milli Məclisin bugünkü iclası azərbaycanlı deputatların Ermənistanda keçirilən prezident seçkilərinə və Türkiyə prezidenti Abdullah Gülün Ermənistanın yeni seçilən prezidenti Serj Sərkisyanı təbrik etməsinə münasibət bildirməsi ilə başlayıb.

YAP icraçı katibinin müavini Mübariz Qurbanlı Ermənistanda keçirilən saxta seçkilərlə bağlı Türkiyə prezidenti Abdulla Gülün Serj Sərkisyanı təbrik etməsinin qəbuledilməz olduğunu söyləyib: “Uman yerdən küsərlər. Buna görə də Abdulla Gülün təbrikinə münasibətimizin səbəbi məlumdur”.

Millət vəkili Fazil Mustafa isə deyib ki, Türkiyə prezidentinin tələsik təbriki narazılıq doğursa da, bunu kampaniyaya çevirmək düzgün deyil.

Spiker Oqtay Əsədov da Türkiyə prezidentinin təbrikinə toxunub: “Bu, bizi incitdi, ağrıtdı. Ancaq bunun üzərinə çox getmək lazım deyil. Ermənistanda keçirilən prezident seçkiləri ilə bağlı beynəlxalq təşkilatların susqunluğu da diqqət çəkir. Ermənistanda 2 milyon əhali yoxdur, qeydiyyatdan 2 milyon 500 min insan keçib. Ermənistanda prezidentliyə namizəd də seçkidən əvvəl vuruldu. Seçkilərdən 7 gün keçməmiş bu seçkilərə beynəlxalq təşkilatların belə yüksək qiymət verməsi diqqət çəkməyə bilməz”.

Millət vəkili Qüdrət Həsənquliyev isə Ermənistanın ayaq üstə qalmasında Türkiyənin də rolu olduğunu bildirib: “Türkiyədən Ermənistana təyyarələr uçur, Ermənistanla ticarət əlaqələri var. Mənim üçün Xamneyi də türkdür. Ancaq Xamneyi Ərdoğandan fərqli olaraq, saqqallı türkdür. Biz İslam Əməkdaşlıq Təşkilatında da Türkiyə və İranla bağlı məsələni qaldırmalıyıq. Serj Sərkisyan səhra komandiri kimi Xocalı soyqırımının törədilməsində, Şuşanın işğalında iştirak etdiyini söyləyir. Axı niyə Rusiya kimi Türkiyə prezident də Serj Sərkisyanı təbrik etməlidir?”

Oqtay Əsədov isə Qüdrət Həsənquliyevin çıxışı ilə razılaşmadığını vurğulayıb: “Türkiyə Azərbaycanın əsas tərəfdaşı, müttəfiqidir. Belə sözlər işlətmək yolverilməzdir”.