Azərbaycanda toylarda qonaq sayı üçün mövcud olan 150 nəfərlik limit, 250-300-ə qədər qaldırıla bilər.

"Unikal" "Trend"ə istinadən xəbər verir ki, toy bazarının bir neçə iştirakçısı iddia edir ki, mövcud məhdudiyyət fevral ayından sonra artırıla bilər. Bildirilir ki, şadlıq sarayları artıq mart və aprel aylarında toy mərasimi keçirmək istəyənlərə də bu barədə məlumat verir və nəzərə almağa çağırırlar.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məsələ ilə bağlı bildirib ki, bu barədə bir məlumat yoxdur.

Hazırda toylarla bağlı qaydalara əsasən, toyların yalnız 150 nəfərədək keçirilməsinə icazə verilir. Qeyd edək ki, Azərbaycanda ötən ilin bir iyul tarixindən etibarən toyların keçirilməsinə icazə verilib. Toyda iştirak edən qonaqların isə mütləq vaksin və ya immunitet sertifikatının olması tələb olunur. Məkan və toy sahiblərin şənlik məclisləri barədə məlumatı müvafiq portalda əvvəlcədən və dəqiqliklə (tədbirin günü, başlama və bitmə saatı, iştirakçıların sayı) qeydiyyata salınmalıdır.