Hacı İbrahim Nehrəmlinin layihəsini dünya mətbuatı izləyir

Dünənə qədər dünyanı silah və siyasət idarə edirdisə, indi biznes maşını həm dünyanın düzənini dəyişir, həm də qaydaları. Dünənə qədər bir ölkəni işğal etmək üçün ordu hərəkətə gətirilirdisə, indi ordunu biznesmenlər əvəz edir. Təmsil olunduqları dövlətin maraqlarını təmin edən iş adamları son zamanlar Azərbaycanda da formalaşmağa başlayıb və demək olar ki, artıq bu istiqamətdə gərəkli nümunələr var. Bu iş adamlarından biri də Hacı İbrahim Nehrəmlidir. Həyata keçirtdiyi layihələrlə dünya mətbuatının diqqətini özünə cəlb etdirən Hacı İbrahim Nehrəmli, həm də əslində böyük bir siyasətin içindədir. Bu siyasət Azərbaycanı dünyaya tanıtmaq, Azərbaycan hakimiyyətinin, prezident İlham Əliyevin investorlara xoş yanaşmasını nümayiş etdirmə siyasətidir. Bununla paralel olaraq Hacı İbrahim Nehrəmli bu gün möcüzə sayılacaq bir layihəni həyata keçirtməklə həm də Azərbaycan iqtisadiyyatının nəyə qadir olduğunu göstərə bildi. Gəlin qısa zamanda dünya mediasının Azərbaycana, Hacı İbrahim Nehrəmlinin layihəsinə olan marağına baxaq.

“Xəzər adaları” ilə bağlı bu fantastik rəqəmi Rusiya telekanalı açıqladı; iş adamının özü hələlik 60 milyarddan danışır; 1 kilometrlik bina söhbəti dünyada müzakirə mövzusudur

“Avesta”nın rəhbəri süni adalarda tikilən evlərin qiymətini açıqladı: 1 kvadratmetri 3500 manat!

“Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmlinin başlatdığı çoxfunksiyalı “Khazar Island” (“Xəzər adaları”) layihəsi ilə bağlı yeni fantastik rəqəm yayılıb. Rusiyanın NTV telekanalı xəbər verib ki, bu layihə əvvəlcədən təxmin edildiyi kimi, 30 milyard yox, 125 milyard dollara başa gələcək.

Telekanalın bildirdiyinə görə, Xəzərdə salınacaq adalarda təxminən 1 milyon adamın yaşaya biləcəyi yaşayış kompleksi, ticarət-əyləncə obyektləri, o cümlədən hündürlüyü 1 kilometrdən çox olan və hazırkı vəziyyətə görə dünyanın ən yüksək binası sayılacaq “Azerbaijan Tower” adlı göydələn inşa etmək planlaşdırılır.

Xatırladaq ki, Hacı İbrahim Xəzərdə süni adalar yaradaraq onların üzərində yeni yaşayış kompleksi inşa etmək layihəsi barədə mətbuata ilk dəfə ötən ilin sonlarında məlumat vermişdi. İş adamı layihənin kompüter qrafikası ilə hazırlanmış görüntülərindən ibarət kataloqu da paylamışdı. Əvvəlcə o, süni adaların birində təxminən 600 metr hündürlükdə göydələn inşa etmək planları haqda danışmışdı. Lakin cəmi bir neçə həftə sonra iş adamı planlarına yenidən baxdı və elan etdi ki, onun inşa edəcəyi göydələn dünyada ən hündür olacaq - düz 1050 metr! Hacı İbrahim Xəzərdə yaradılacaq süni adaların sayının da artırılacağını açıqlamışdı.

Azərbaycanda, Xəzərdə salınacaq süni adalar üzərində dünyanın ən hündür binasının inşa ediləcəyi haqda xəbərlər dərhal xarici mətbuatda ön sıralardan yayılıb. “The Wahsington Post”, “The New York Times”, “The Financial Times” kimi nüfuzlu qəzetlər, “Forbes” jurnalı, “Bloomberg” agentliyi və digər xarici KİV-lər bu barədə xəbərlərə geniş yer veriblər. Eləcə də ingilisdilli ərəb KİV-lərində Xəzərdə inşa ediləcək göydələn barədə xəbərlər gedib. Bu KİV-lər qeyd edirlər ki, indiyədək dünyanın ən hündür binası olan Dubaydakı “Burc Xəlifə” göydələni barədəki söhbətləri unutmaq lazım gələcək, çünki Bakıda onu xeyli geridə qoyacaq bina tikməyə hazırlaşırlar.

Xəzərdə süni adaların salınması layihəsi hələ iki-üç il əvvəl başlayıb. Qaradağ rayonunun Sahil qəsəbəsində dənizə doğru uzanan, kənarlarında palma ağacları əkilmiş yol yəqin ki, çoxlarının diqqətini cəlb edib, ancaq bu yolun hara apardığı əksəriyyət üçün qaranlıq görünə bilərdi. İndi məlum olur ki, həmin yol Hacı İbrahimin Xəzəri qurudub üstündə şəhər salmaq planlarının bir hissəsi imiş.

“Azadlıq” radiosu da dünyaya səs salan bu layihə barədə reportaj yayıb. Orada deyilir ki, “Xəzər adaları” adlanan şəhərin əsas hissəsi Xəzər dənizində yaradılan 50-yə yaxın süni adada yerləşəcək. Yeni şəhərdə artıq iki ildir tikinti gedir. Yaşayış binaları tikilir, yollar çəkilir. Fəhlələrin dediyinə görə, prezidentin gəlişi gözlənildiyindən yolların çəkilişi sürətlənib.

Ərazidəki iş icraçılarının dediyinə görə, tikinti işlərinə 2010-cu ildən başlanıb. Yolun Bakı-Astara magistralına yaxın bir hissəsinə artıq asfalt döşənib. Dəniz həmin ərazidə bir neçə kilometr doldurulub. Şəhər hələ dənizin içərilərinə doğru daha 8 kilometr uzanacaq. Dənizin torpaqla doldurulmuş hissəsində bir neçə yaşayış binası tikilməkdədir.

Şəhərin digər bir hissəsində isə restoranlar, əyləncə mərkəzləri, ictimai-iaşə obyektləri tamamlanmaq üzrədir. Yeni şəhərə gedəcək yolların kənarına isə bir neçə cərgə iri palma ağacları əkilib. Yeni salınan şəhərin ərazisi 2 min hektarı əhatə edir. Şəhərcik “baş ada”dan, iki paralel xətlə uzanan tikililərdən, çoxmərtəbəli binalar və villalar üçün ayrıca irili-xırdalı adalardan ibarətdir. Kompleksi 20-yə yaxın körpü birləşdirəcək.

Tikinti işlərini bir neçə şirkətin birləşdiyi “Avesta” konserni həyata keçirir. Konsernin rəhbəri İbrahim Nehrəmli “Azadlıq” radiosuna deyir ki, bu ideya onun Dubaya səfəri zamanı meydana gəlib. Üç mərhələdə həyata keçiriləcək tikintiyə ümumilikdə 60 milyard dollar xərclənəcəyi gözlənir: “Birinci mərhələ 12 milyard, ikinci mərhələ 18 milyard dollar, üçüncü mərhələyə isə 30 milyard dollar vəsait xərcləməyi nəzərdə tuturuq”.

Şirkət rəhbərinin dediyinə görə, o, bütün işləri 2016-ci ilə yekunlaşdırmağı planlaşdırır. Bəzi iaşə obyektləri isə daha tez işə düşməlidir.

Hacı İbrahim Nehrəmli əraziyə yalnız palma ağaclarının əkilməsinə də aydınlıq gətirib. Bu ağacları digərlərindən daha çox xoşladığını deyən konsern rəhbərinin bildirməsinə görə, ərəb ölkələrindən gətirdikləri ağacların bəzilərinin 100 ilə yaxın yaşı var: “Palma ağaclarını çox sevirəm. Həm də bu ağaclar bura uyğunlaşandan sonra bir-iki ilə xurma verəcəklər. Biz 100 il yaşı olan heç bir ağacı belə gətirib əkə bilmərik”.

İş adamı deyir ki, indiyə qədər görülən işlərə 1 milyard manatdan artıq pul xərclənib. Şirkət rəhbərinin dediyinə görə, şəhərdəki ilkin mərhələ üçün nəzərdə tutulan 1100 yaşayış mənzilini rəhbəri olduğu “Avesta” konserninin vəsaiti hesabına tikəcək. Qalan işlərin aparılması üçün xarici sərmayəçilər cəlb ediləcək: “Bu ilin martından da xarici investorların gəlməsi gözlənilir”.

İbrahim Nehrəmlinin sözlərinə görə, artıq Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Çin iş adamlarının gələcəyi gözlənilir. Konsern rəhbəri onu da vurğulayıb ki, həmin ölkələrin iş adamları ilə danışıqlar yekunlaşmaq üzrədir. Yeni şəhərdə mənzillərin qiymətinə gəlincə isə bu elə də ucuz olmayacaq. İbrahim Nehrəmlinin dediyinə görə, hazır mənzillərin 1 kvadratmetri 3500 manat olacaq.

Dünya mətbuatının layihəyə olan marağı ilə yanaşı gəlin yığcam da olsa layihənin hazırkı durumuna baxaq.

Azərbaycanda ilk dəfə süni adaların üzərində şəhər salınır. Qırx süni adanın üzərində müasir şəhərsalma tələblərinə cavab verən “Khazar İslands” layihəsinin birinci mərhələsi üzərində ciddi iş aparılır.

Layihə ilə bağlı tikinti 2010-cu ilin sentyabrında başlanıb. Buradakı tikililər 600 min sakinə hesablanıb. “Khazar İslands” Bakı şəhərindən 28 km məsafədə, Sahil qəsəbəsinin şimal-şərq hissəsində yerləşir. Tikinti işləri “Avesta” Konserni tərəfindən aparılır. Burada beynəlxalq standartlara cavab verəcək yaşayış binaları, ofislər, ticarət-əyləncə mərkəzləri, bir sözlə, insanın ehtiyacını təmin edəcək bütün şəraitlər təklif olunur. Qeyri-adi memarlıq üslubu, ekoloji təmiz, yaşıl bulvarlar və ən son texnologiyalarla təmin olunmuş yaşayış və qeyri-yaşayış sahələri şəhərin fərqliliyini hiss etdirir.

Tikintinin ərazisi 2 min hektarı əhatə edir. “Baş” adadan, iki paralel xətlə uzanan tikililərdən, onların boyunca çoxmərtəbəli binalar ucaldılmış kiçik adalardan və villalar üçün ayrıca adalardan ibarətdir. Kompleksin tikililəri və adaları körpülərlə birləşdiriləcək.

Hazırda 11 göydələndə və bir neçə sosial obyektlərdə tikinti işləri intensiv şəkildə davam etməkdədir. Tikintinin birinci mərhələsi demək olar ki, artıq başa çatıb. Hacı İbrahim bu layihəyə 30 milyard vəsait xərclənəcəyini demişdi: “İş adamı olaraq dünyanın ən gözəl şəhərini Azərbaycanda tikirəm. Hazırda yeni binalar inşa olunur, onlardan artıq 4-ü hazırdır. İtalyanlar qəzetlərində yazıblar ki, dünyanın 8-ci möcüzəsi Azərbaycanda tikilir”.
Dünyanı Azərbaycana sevdirən insan