Yanvarın 18-də Milli Məclisin Regional məsələlər komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

"Unikal" xəbər verir ki, komitə sədri Siyavuş Novruzov 2021-ci ilin ölkəmiz üçün uğurlu keçdiyini bildirib.  Sonra komitə sədri Regional məsələlər komitəsinin 2022-ci ilin yaz sessiyası üçün iş planını təqdim edib. Komitə sədri qarşıdakı sessiyada komitəyə daxil olan qanun layihələrinin müzakirəsi ilə yanaşı, aidiyyəti qurumların, yerli idarəetmə orqanlarının nümayəndələrinin iştirakı ilə dinləmələrin keçirilməsi kimi məsələlərin nəzərdə tutulması barədə məlumat verib.

İclasda çıxış edən Regional məsələlər komitəsinin sədrinin müavini Elşən Musayev, komitə üzvləri Məzahir Əfəndiyev, Səbinə Xasayeva, Aqil Məmmədov, Səttar Möhbalıyev, Kamran Bayramov, Cavid Osmanov, Nizami Cəfərov komitənin ötən sessiyada fəaliyyəti barədə danışıblar, təqdim olunan hesabatı qənaətbəxş sayıblar.

İclasda komitə üzvləri regionların inkişafı, yerli üzünü idarəetmə orqanlarının mövcud vəziyyəti və gələcək perspektivləri, işğaldan azad olunmuş ərazilərdə bələdiyyələrin yaradılması, bu istiqamətdə payız sessiyası dövründə dinləmələrin və müzakirələrin təşkili kimi məsələlərlə bağlı fikirlərini səsləndiriblər, rəy və təkliflərini irəli sürüblər.

Müzakirələrin sonunda Regional məsələlər komitəsinin Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlərlə bağlı hesabatı və 2022-ci ilin yaz sessiyasında iş planı təsdiqlənib.