Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyevin iştirakı ilə reyd keçirilib. Qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə keçirilən reyd şəhərin müxtəlif ərazilərini, o cümlədən mərkəzi hissəsini əhatə edib. 

"Unikal" xəbər verir  ki, Gəncənin Nizami prospekti boyunca davam edən reyd zamanı səkilərdə piyadaların hərəkətinə maneə törədən pərakəndə ticarətlə məşğul olanlara xəbərdarlıq edilib. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının və  Baş Polis İdarəsinin əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər apararaq, yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıblar.

Bununla yanaşı, şəhər rəhbəri mağaza sahibləri və satıcılarla söhbət edib, qiymətlərlə maraqlanıb. Onlara süni qiymət artımına yol verməmələri tövsiyə olunub.

Keçirilən reyd sakinlər tərəfindən yüksək rəğbətlə qarşılanıb. Onlar yol kənarında satılan mənşəyi məlum olmayan ərzaq məhsullarının antisanitar vəziyyət yaratdığını bildirməklə, şəhərin ümumi görünüşünə də xələl gətirdiyini qeyd ediblər.  Eyni zamanda səkilərdə hərəkət zamanı çətinliklərlə qarşılaşdıqlarını ifadə ediblər.

Reyd zamanı qanunsuz küçə ticarəti ilə məşğul olanlara İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib. Reydlər bundan sonra da davam etdiriləcək.