Görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, akademik Məhərrəm Məmmədyarov II Fəxri xiyabanda dəfn edilib.

"Unikal" xəbər verir ki, vida mərasimində AMEA Rəyasət Heyətinin üzvləri, çalışdığı Neft-Kimya Prosesləri İnstitutunun kollektivi, Akademiyanın bir sıra elmi müəssisə və təşkilatlarının rəhbərləri, elmi ictimaiyyətin nümayəndələri, eləcə də mərhum alimin ailə üzvləri iştirak ediblər.

***16:07

Görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, Neft-Kimya Prosesləri İnstitutunun Sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri, akademik Məhərrəm Məmmədyarov 98 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası məlumat yayıb.

Məhərrəm Məmmədyarov eyni zamanda sabiq xarici işlər naziri Elmar Məmmədyarovun atasıdır.

Alim Azərbaycan SSR Dövlət Mükafatı Laureatı (1980), SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə faşist-alman işğalçıları ilə mübarizədə göstərdikləri cəsarət, möhkəmlik, şücaətə görə və 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində sovet xalqının qələbəsinin 40 illiyi şərəfinə “I dərəcəli Vətən Müharibəsi” ordeni (1985), ətraf mühitin qorunması və təbiətdən istifadə problemləri sahəsində keçirilmiş baxış-müsabiqənin ən yaxşı işinin qalibi kimi respublika elmi-iqtisadi cəmiyyətinin İdarə Heyətinin Fəxri fərmanı (1987), “SSRİ-nın Silahlı Qüvvələrinin 70 ili” medalı (1988), Y.H.Məmmədəliyev adına medal (1995), Azərbaycan Respublikasının “Şöhrət” ordeni (2005), İslam Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının “Elm və texnologiya” mükafatı (2006), Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adı (2009), Y.H.Məmmədəliyev adına mükafat (2014), “Şərəf” ordeni (2014), “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” (2019) və digər mükafatlara layiq görülüb.