İctimai Palata yeniləşə biləcəkmi?
Vaqif Mahmudov: “İP məhdud miqyaslı siyasi quruma çevrilib”

Əli Əliyev: “İctimai Palata ölkədəki siyasi situasiyanı dəyişmək gücündə deyil”

Desək ki, ölkə mətbuatında müxalifət düşərgəsini təmsil edən İctimai Palata qədər müzakirə edilən ikinci bir siyasi qurum yoxdur, fikrimizcə, mübaliğəyə yol vermərik. Bunun da köklü səbəbləri var.
Birincisi, ona görə ki, bu qurumu təşkil edən əsas siyasi partiyalar – AXCP və Müsavat Partiyası Azərbaycan milli-azadlıq hərəkatının romantik və cəfakeşlik dövrünün yadigarlarıdır. Bu qurumların adları çəkiləndə istər-istəməz ö dövrlərin sadəlövh, həm də fədakarlıq anımları yaddaşımızın dərin guşələrindən boy verir…
İkincisi isə, etiraf edilməlidir ki, son iyirmi ildə Azərbaycan müxalifəti tam siyasi fiasko ənənəsi ilə yaşayır və vəlvələdənmi, zəlzələdənmi, hələ ki heç bir siyasi uğur əldə edə bilməyib. Uzunmüddətli siyasi ətalət və davamlı siyasi simalar isə, adətən, cəmiyyəti bıqdırır və cəmiyyət təhtəlşüur olaraq yeniliyə can atır.
Ictimai palata isə bu yenilikləri yaradacağı iddiası ilə meydana çıxmışdı. Amma nə yazıq ki, bu dağ iddialardan ölü siçan doğuldu.
Cəmi bir neçə ay öncə özünü müxalifətin yeganə siyasi güc mərkəzi élan edən İctimai Palata artıq bu iddiasından həsləməyə başlayıb və qurumdaxili islahatların qaçılmaz olduğunu etiraf edir.
İctimai Palatanın Koordinasiya Şurasının üzvü Köçəri Nağıbəylinin sözlərinə görə, “İctimai Palatanın Koordinasiya Şurası qurumda aparılacaq islahatlara dair sənədlər paketini təsdiq edib. İslahatlar başa çatdıqdan sonra prezident seçkiləri ilə bağlı məsələlərə aydınlıq gələcək. İslahatların keçirilməsinə müddət qoyulmayıb. Amma prosesin tez bir zamanda yekunlaşmasının vacibliyini başa düşürük. Ona görə də işlərin sürətlə həllini istəyirik. İslahatlar struktur dəyişikliyi və yeni strukturların yaradılması ilə bağlı olacaq. Təkliflərdən biri İctimai Palatanın İcra Aparatının yaradılmasıdır. Yekun qərar mətbuata açıqlanacaq”.
Açıq Cəmiyyət Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Vaqif Mahmudov “Unikal”a bildirdi ki, “Yarandığı gündən indiyə qədər İctimai Palatanın əsas məqsədi bu olub ki, geniş xalq kütlələrini öz ətrafında birləşdirsin. Ötən illər ərzində bu missiyanın öhdəsindən gələ bilmədiyi üçün artıq İctimai Palatanın adı ilə indiki funksiyası arasında kəskin ziddiyyət yaranıb. Bəlli olur ki, İctimai Palata öz namizədi və yaxud namizədləri ilə prezident seçkilərində iştirak etmək niyyətindədir. Yəni bu məqamda əsas məsələ bundan ibarətdir ki, İctimai Palata yarandığı gündən öz qarşısına qoyduğu əsas məqsəddən xeyli uzaqlaşıb və məhdud miqyaslı siyasi quruma çevrilib. Buna görə də həmin qurumu təşkil edən iki əsas siyasi təşkilatın fəaliyyətində bir konkretlik görünmür. Güman ki, İctimai Palatanın aylardan bəri müzakirə predmetinə çevrilən vahid namizəd problemi daha gündəlikdən çıxacaq. Hər halda, bu mənim şəxsi fikrimdir. Bu qurum ictimaiyyəti də çaşdırmışdı. Yəni Azərbaycan cəmiyyəti İctimai Palatanın məqsəd və məramının nədən ibarət olduğunu başa düşə bilmirdi. Əgər İctimai Palata prezident seçkilərində iştirak edəcəkdisə, onda qoy bu qurumu yaradanlar gedib İctimai Palatanın 2010-cu ildəki nizamnaməsinə diqqətlə baxsınlar. Onda görərlər ki, o zaman elan edilmiş hədəflərlə bu günki reallıqlar arasında kəskin uyğunsuzluq müşahidə olunur. Kiminsə prezident seçkilərinə qatılıb-qatılmayacağı hər bir siyasi partiyanın öz daxili işidir, amma mənə elə gəlir ki, İctimai Palatanın qarşısına qoyduğu əsas məqsəd bundan ibarətdir ki, ölkədəki ictimai-siyasi vəziyyət dəyişsin, demokratik seçki mühiti yaradılsın”.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin “Unikal”a söylədiyinə görə, “İctimai Palatada bu gün baş verən proseslərin proqnozunu iki il əvvəl vermişdim. Bu qurumda mənəvi çat artıq mövcuddur və bu bərpa edilə bilinməyəcək çatdır. Bu çat həmişə olub. Hələ 92-93-cü illər iqtidarından üzübəri bu iki komanda arasında həmişə fikir ayrılığı olub. Mən bu dəqiqə bu yöndə açıqlama vermək niyyətində deyiləm. Şərh də etmək istəmirəm. Çünki mən daha çox Azərbaycan müxalifətinin geniş çapda inteqrasiyasının tərəfdarıyam və çalışıram ki, bütün davranışımla müxalifətin geniş şəkildə birliyinə nail ola bilək. Beləliklə də, ölkədə yeni siyasi mühit formalaşa bilsin. Prezident seçkiləri ərəfəsində bunu etmək çox vacibdir. Çünki bizim resurslarımız məhduddur. Resurslarımız yalnız narazı elektoral bazadır. Bu narazı elektoratı ətrafımıza toplamaq üçün müxalifətin vahid ünvanını yaratmaq lazımdır. Belə olan halda heç bir siyasi liderin adı ilə bağlı ünvan ola bilməz. Bu, müxalifətin vahid ünvanı olacaq ki, cəmiyyət müxalifətə hələlik bəsləmədiyi etimadı həmin ünvana qaytara bilsin. Təbii ki, müxalifətin daxilində baş verən neqativ proseslər gözlənilən proseslər idi və necə olmasından asılı olmayaraq son iki il ərzində şahid olmuşuq ki, İctimai Palata ölkədəki siyasi situasiyanı dəyişmək gücündə deyil və buna gücü çatmayıb.Ona görə də, ən azı, bu səbəbdən müxalifətin daha geniş formatda əməkdaşlığına ehtiyac var. Artıq İctimai Palatanın daxilindəki partiyalardan biri bu mövqeyi açıq şəkildə ifadə edib.”