Dekabrın 27-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

Bu barədə "Unikal"a Müdafiə Nazirliyindən məlumat verilib.

Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri cəlb olunub. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər müşavirəyə videobağlantı vasitəsilə qoşulublar.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Hadrut qəsəbəsinə səfəri zamanı Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb. Azərbaycan xalqı və Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən rəşadətli Ordumuza ən yüksək qiymət verildiyi qeyd olunub.

Müşavirədə dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə mövcud vəziyyət təhlil edilib. Nazir xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsini, xüsusilə qarşıdan gələn bayram günlərində ayıq-sayıqlığın artırılmasını əmr edib.

Qoşunlarda keçirilən təlimləri müsbət qiymətləndirən nazir bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə müxtəlif təlim və praktiki məşqlərin real döyüş şəraitinə uyğun, gecə və gündüz vaxtı aparılması ilə əlaqədar tapşırıq verib.

Qış dövrü ilə əlaqədar bölmələrin maddi-texniki və mühəndis təminatı, o cümlədən şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması və tibbi təminatının gücləndirilməsinə xüsusi diqqət yetirilməsi, hərbi qulluqçuların isti geyim və yeməklərlə vaxtında təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Müdafiə naziri həmçinin tərbiyəvi işin planlı şəkildə aparılması, qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazır olmaları üçün ideoloji iş və mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi ilə bağlı vəzifəli şəxslərə konkret tapşırıqlar verib.