Müdafiə nazirinin tapşırığına əsasən müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub.

Bu barədə "Unikal"a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin məktəbin ərazisindəki abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.

Kursantların sosial-məişət şəraiti və təlim-tədris prosesi ilə maraqlanan Baş Qərargah rəisinə məruzə olunub ki, Hərbi Məktəbdə dərslər müasir metodlar tətbiq olunmaqla tədris olunur.

Bildirilib ki, kursantların hərbi ixtisaslara və peşə bacarıqlarına yiyələnməsi məktəbin əsas fəaliyyət istiqamətlərindən biridir.

General-polkovnik K.Vəliyev sinif otaqlarında və təlim sahəsində kursantların nəzəri və praktiki biliklərinin artırılması üçün keçirilən dərs prosesinin gedişatını yoxlayıb. Sonra Hərbi Məktəbin klubunda məktəbin professor və müəllim heyəti ilə görüş keçirilib. Baş Qərargah rəisi çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədə Ali Hərbi Məktəbin yetirmələrinin xidmətlərini xüsusi qeyd edib, Azərbaycan Ordusunun gələcəkdə daha da güclü olması üçün bugünkü kursantların rolunun mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Baş Qərargah rəisi kursant heyətinin qayğıları ilə maraqlandıqdan sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq tapşırıqlarını aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırıb.

Sonda kursantlarla birgə nahar edilib.