""YAŞAT" Fondu tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə  yönləndirilən müraciətlə bağlı müvafiq tibb müəssisəsinə sorğu göndərilir. Nəticədə müharibə iştirakçısının ilkin müayinədən keçməsi icbari tibbi sığorta çərçivəsində təmin edilir. Ehtiyac olduqda Xidmətlər Zərfi çərçivəsində vətəndaşın müalicə və ya əməliyyat olunması qarşılanır". 

"Unikal" xəbər verir ki, bunu "YAŞAT" Fondunun bir illik hesabat tədbirində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib. 

Onun sözlərinə görə, müharibə iştirakçısının istəyi nəzərə alınaraq göndəriş verilmədən özəl tibb müəssisəsində də tibbi xidmətin alınması Agentlik tərəfindən təmin edilir:

"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə daxil olan müraciətlərə əsasən bu ilin 9 ayı ərzində Vətən müharibəsi iştirakçısı və şəhid ailəsi üzvü olan 7 993 şəxsə 109 443 tibbi xidmət göstərilib. İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərin 95 687-si ambulator, 13 756-sı isə stasionar şəraitdə göstərilib. Tibbi xidmət almış şəxslərdən 7 051 nəfəri müharibə iştirakçısı, 942 nəfəri isə şəhid ailəsi üzvü olub. 

Həmin dövr ərzində icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 321 pasiyent üzərində 381 cərrahi əməliyyat icra olunub".

Z. Əliyev deyib ki, əməliyyatlar arasında cərrahi müdaxilədən sonrakı vəziyyətlər, hərbi əməliyyatlar zamanı partlayış və ya qəlpələrin səbəb olduğu zədələr çoxluq təşkil edib:

"Həmçinin Tibbi Reabilitasiya Xəstəxanasında 696 nəfərə reabilitasiya xidmətləri göstərilib. “YAŞAT” Fondu ilə birgə əməkdaşlıq sayəsində hərbçilərin müayinəsi məqsədilə Türkiyədən həkim heyəti ölkəmizə gətirilib. Travmatoloq-ortoped, neyrocərrah, ümumi cərrah və digər ixtisaslı həkimlərdən ibarət olan həkim heyəti döyüşlərdə yaralanmış 155 hərbçini müayinə edib və müvafiq müalicələrə cəlb ediblər. İlin əvvəlindən etibarən hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardımın göstərilməsi məqsədilə ölkənin 8 şəhər və rayonunda yerləşən tibb müəssisələrində psixoloqlar regional fəaliyyətə başlayıb". 

Agentliyin İdarə Heyətinin sədri deyib ki, psixoloqlar tərəfindən bu günədək 600-dən çox şəhid ailəsi üzvü, 1600-dən çox hərbçi və 300 terror qurbanına psixoloji yardım göstərilib və ehtiyac olduqda müalicə üçün həkim-psixiatrlara yönəldilib:

"Bununla yanaşı, Agentlik müvafiq qurumlarla birgə 100-dən çox Vətən müharibəsi iştirakçısına Bakı şəhərində psixiatrik və psixoloji dəstəyin göstərilməsini təmin edib. Türkiyədən ölkəmizə gələn azərbaycanlı həkim-psixiatrlar tərəfindən qazilər müharibə iştirakçılarında sonradan tez-tez müşahidə olunan psixi pozğunluqlarla bağlı müayinə olunublar".

Anar Kəlbiyev