Keçmiş arvadını azyaşlı oğlunun gözləri önündə bıçaqlayan şəxsin məhkəmə prosesi keçirilib.

"Unikal" “Kriminalqafqaz”a istinadən xəbər verir ki, təqsirkar Seymur Turabov (ad və soyad şərtidir) ifadəsində bildirib ki, keçmiş həyat yoldaşı ilə münasibətlərini yenidən bərpa etməyə çalışsa da, qadından yox cavabı alıb. Bundan sonra onun başqaları ilə münasibətinin olduğundan şübhələnərək öldürmək qərarına gəlib. Gecə saatlarında keçmiş arvadının evinə gedərək ona 3 yaşlı övladının gözü önündə 4 bıçaq zərbəsi endirib. Qadının öldüyünü düşünərək hadisə yerindən uzaqlaşıb.

Məhkəmə iclasında ifadə verən zərərçəkmiş Aysel Quliyeva (ad və soyad şərtidir) bildirib ki, əvvəllər Seymurla münasibətləri yaxşı olub:

 “Biz 2010-cu ildə ailə qurduq və bu evlilikdən iki övladımız oldu. Əvvəllər münasibətlərimiz çox yaxşı idi. İndi mənim yaşadığım evdə qalırdıq. Həyətdəki digər evdə isə Seymurun ailəsi yaşayırdı. Seymur məişət tullantılarını yığan fəhlə işində çalışırdı. Mən də hərdən qohum-qonşulara təmizliyə gedib pul qazanırdım.  Daha sonra Seymur içki içməyə başladı. Bundan sonra ailəmizdə problemlər yarandı. Mütəmadi olaraq dalaşırdıq. Buna görə də ayrılmaq qərarına gəldik”.

Aysel Quliyeva sözlərinə görə, keçmiş həyat yoldaşı ilə boşanmalarına baxmayaraq eyni həyətdə yerləşən evlərdə yaşayıblar. Buna görə də Seymur tez-tez onun yaşadığı evə gələrək narahat edib:

“Ayrıldıqdan sonra o ailəsinin yanında, mən isə uşaqlarımla öz evimizdə yaşadıq. 2021-ci ildə də rəsmi olaraq boşandıq. Buna baxmayaraq o, tez-tez içkili halda bizim evə gəlir və mənə əxlaqsız təkliflər edirdi. Ondan ayrılandan sonra mənim xalamın oğlu ilə münasibətim yarandı və ondan hamilə idim. Hadisə baş verən gün də yenə Seymur axşam saatlarında qapımı döydü.

Mən qapını açdım və o, yenə mənimlə barışmaq istədiyini dedi. Mən bu istəyini rədd edəndə isə o, mənə dedi ki, “100 manat verim mənimlə birlikdə ol”. Bundan sonra aramızda yenə mübahisələr yaşandı. 3 yaşlı oğlum həyətə çıxanda Seymur onu evə göndərdi. Evdə qonşunun 10 yaşlı oğlu da var idi. Daha sonra cibində gizlətdiyi bıçağı çıxararaq 4 dəfə mənə vurdu. Səsə oğlum yenə həyətə çıxdı və bu zaman Seymur çıxıb getdi. Bundan sonra mən özümdə güc toplayıb anama zəng etdim və hadisəni danışdım. Bir müddət sonra da təcili tibb yardım gələrək məni xəstəxanaya apardı”.

Məhkəmə iclasında ifadə verən təqsirləndirilən Seymur Turabov bildirib ki, Ayseldən boşanmağı o özü istəyib:

“Biz ayrılandan təxminən 6-7 ay sonra boşandıq. Həmin müddətdə o, tez-tez qonşuya gedir, narkotik vasitələrdən istifadə edir, başqa kişilərlə görüşürdü. Aysel düzgün yolda olmadığı üçün ondan boşandım. Dəfələrlə evindən yad kişi səsinin gəldiyini eşitmişəm. Gedib qapısını döysəm də məni evə buraxmayıb. Onun bu hərəkətlərini görəndən sonra öldürmək qərarına gəldim. 30 iyunda evdən bıçaq götürüb hamamda gizlətdim. İyulun 1-i işdən gələn kimi bıçağı götürüb onun evinə getdim. Aysel qapını açan kimi həyətə girdim və qapını kilidlədim ki, heç kim gəlməsin. Ondan ötən gün evdə kişinin olub-olmadığını soruşdum, o inkar etdi. Oğlum həyətə çıxdı və mən uşağı içəri göndərəndən sonra Ayseli bıçaqla vurdum. Bu zaman oğlum gəlib bizim aramıza girdi. Mən də Ayselin öldüyünü düşünüb oradan uzaqlaşdım. Onun hamilə olduğunu bilmirdim”.

Məhkəmədə şahid qismində ifadə verən təqsirləndirilən Seymur Turabovun anası keçmiş gəlninin sözlərini təsdiqləyib. O bildirib ki, hadisə baş verən günü həyətə çıxdıqda səs-küy eşidib:

“Gördüm qonşular Ayselin qaldığı evin həyətinə taplaşıblar. Yaxınlaşıb baxdım ki, Aysel ağır vəziyyətdə stulda oturub. Nə baş verdiyini soruşanda isə Aysel dedi ki, Seymur onu bıçaqla vurub.  Evə qayıdıb hamamın qapısını döydüm. Seymur içəridə əl-üzünü yuyurdu. Mən ondan nə etdiyini soruşdum. Seymur isə dedi ki, “O, ölmədi?” Mən də Ayselin vəziyyətinin ağır olduğunu dedim. Oğlum evdən çıxıb getdi. Daha sonra polislər və təcili tibbi yardım gəldi”.

Bakı şəhəri Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən Seymur Turabov 14 (on dörd) il müddətinə azadlıqdan məhrum edilib.