“Bu il Azərbaycanın siyasi elitasının çox ciddi qərarlar qəbul edə bilməsinin şahidi ola bilərik
Son günlərdə bölgədə və Azərbaycanda geopolitik proseslərlə bağlı suallarımızı tanınmış politoloq Razi Nurullayev cavablandırır.”


-Razi bəy, Xocalı aeroportu ilə bağlı proseslər kritik həddə çatmaq üzrədir. Hətta Rusiyadakı mənbələr açıqlayırlar ki, Rusiya tərəfi fevralın 20-də bu məsələdən istifadə edib Dağlıq Qarabağda müharibə başlatdıra bilər...

-Xocalı aeroportu ilə bağlı məsələlərin şişirdilməsində birbaşa Rusiya maraqlıdır. Və Ermənistandan istifadə edərək Azərbaycana bu üsulla təzyiq göstərir. Çünki Rusiyanın hal-hazırda Azərbaycanla bağlı ciddi narahatlıqları var və bu narahatlıq da Azərbaycanın Qərbə doğru yönlənməsindən qaynaqlanır. Çünki Azərbaycan, demək olar ki, mərhələ-mərhələ Rusiyadan siyasi və iqtisadi asılılığını azaltmaq niyyətindədir. Bu proses tam şəkildə getmək üzrədir və günü-gündən də güclənməkdədir. Azərbaycanın bütün karbohidrogen ehtiyatları Türkiyə ərazisindən Qərbə yönələcək və artıq Nabucco, TANAP layihələri və Anadolu kəməri ilə bağlı Azərbaycanla Türkiyə arasında razılaşmanın əldə edilməsi, Qərbi Nabucconun və Transxəzər layihələrinin gerçəkləşmə reallığı Rusiyanı, demək olar ki, özündən çıxardıb. Çünki Azərbaycan bütün istiqamətlərdə Rusiyadan asılılığını sıfıra endirir, ardınca isə siyasi asılılığın azalması gəlir. Rusiya isə Qafqaz ölkələrini, o cümlədən Gürcüstan, Azərbaycan və Ermənistanı özünün orbitində görmək istəyir.

Buna görə də Azərbaycanın ondan uzaqlaşmasını təhəmmül edə bilmir və Dağlıq Qarabağ münaqişəsini qızışdıraraq ermənilərin mövqeyini gücləndirib, Azərbaycana gücül şəkildə təzyiq göstərmək istəyir. Mənə elə gəlir ki, Rusiya Xocalı aeroportu ilə bağlı qətiyyətli addımlar ata bilər. Bu isə Azərbaycanı münaqişəyə çəkmək kimi bir cəhddir və mən əminəm ki, Dağlıq Qarabağda müharibə başlayarsa, Rusiya bütün gücü ilə Ermənistana kömək etmək istəyəcək. Bu isə müharibənin başlanması deməkdir. Və mənə belə gəlir ki, bu gün Rusiyanın marağında Dağlıq Qarabağda müharibənin başlanması və onun Ermənistana kömək edərək Azərbaycanın hansısa fəlakətlərə düçar olmasını saxlamaqdır. Düşünürəm ki, Rusiyanın bu planından Azərbaycan da xəbərdardır. Eyni zamanda Qərb dövlətləri, Birləşmiş Ştatlar da regionda gedən prosesi diqqətlə izləyir.

Təsadüfi deyil ki, Amerikanın bir neçə konqresmeni, rəsmi şəxsləri, Avropa Parlamentinin rəsmiləri, o cümlədən Avropa Birliyinə daxil olan dövlətlərin təmsilçiləri də Xocalıda aeroportun açılması ilə bağlı narahatlıqlarını ifadə ediblər. Bu da birmənalı şəkildə Azərbaycana dəstək kimi qiymətləndirilməlidir.

Əlavə olaraq bir məsələni də qeyd etmək istəyirəm ki, Rusiyanın Azərbaycanı öz orbitindən buraxmamaqda məqsədi ondan ibarətdir ki, Azərbaycan da Rusiyanın təşəbbüsü ilə yaradılan Avrasiya İttifaqına cəlb olunsun. Azərbaycan MDB-nin gömrük ittifaqına qoşulmaqdan birbaşa imtina edib və həm də çox sərt şəkildə. Gömrük ittifaqına qoşulmadan da Avrasiya İttifaqına qoşulmaq mümkün deyil. Azərbaycan dəfələrlə bildirib ki, hal-hazırda özünün iqtisadi və siyasi müstəqilliyini əldən verməyəcək. Belə çıxır ki, Azərbaycan bu məsələdə Qərblə və Birləşmiş Ştatlarla öz mövqeyini uzlaşdırır və Rusiyadan uzaqlaşmağa başlayıb. Rusiya isə bunu həzm edə bilmir.

-Təsvir etdiyiniz mənzərənin fonunda rus qoşunlarının Dağıstana cəmləşdirilməsi nəyə lazımdır? Ümumi mənzərədə bu hərbi kontingent hansı rolu oynaya bilər?

-Mənə elə gəlir ki, Rusiya prezidentinin Dağıstanda rotasiya etməsi, Ramazan Abdulatipovu Dağıstana prezident göndərməsi Rusiyanın müəyyən planlarından xəbər verir. Azərbaycanla həmsərhəd olan Dağıstan Rusiya üçün mühüm geostrateji əhəmiyyət kəsb edən bir zonadır. Və Rusiya istənilən halda Azərbaycanda etnik münaqişələrin başlanması və Azərbaycana təzyiq vasitəsi kimi terrorçuların bu ərazidən Azərbaycana daxil olaraq müəyyən iğtişaşlar törətməsi, şimal bölgəmizdə yaşayan azsaylı xalqlara təsir imkanlarının genişləndirilməsi məqsədini güdə bilər. Əlbəttə, yuxarıda sadaladıqlarım Rusiyanın Azərbaycanla bağlı planlarına daxildir. Ramazan Abdulatipovun Dağıstana gətirilməsini birmənalı şəkildə Azərbaycanla əlaqələndirmək o qədər də düzgün deyil. Çünki o, Azərbaycanda o qədər də yaxşı tanınan siyasi xadim deyi, amma Rusiyanın prezidenti Vladimir Putinin tapşırıqlarını yerinə yetirir.

Buna görə də mənə elə gəlir ki, Rusiya məhz lazımi anda Azərbaycana təzyiq göstərmək və öz təsiri altına salmaq üçün müəyyən planlar üzərində işləyir. Və bu planlar Azərbaycanın şimal bölgəsində yaşayan etnik qrupların içində hər hansı terror aktının törədilməsi və kütləvi iğtişaşların təşkil edilməsi ilə düzənlənə bilər. Məsələ burasındadır ki, eyni zamanda Azərbaycanın Qax rayonunda iri turizm mərkəzinin yaradılması və bu iş üçün bir milyard dollardan çox vəsaitin ayrılması və gələcəkdə bu şəbəkənin daha da genişləndirilməsinin nəzərdə tutulması vacib bir amildir və strateji önəm kəsb edir. Bu bölgədə etnik zəmində hər hansı bir münaqişənin yaradılması, terrorun baş qaldırması turistləri bu zonadan qaçırtmaq məqsədi güdə bilər. Xülasə, rus qoşunlarının Dağıstanda cəmləşdirilməsi və hərbi təlimlərin keçirilməsi, güc nümayişi bir yandan Şimali Qafqazda milli azadlıq mübarizəsinə qalxan xalqları qorxutmaq üçündürsə, digər yandan da qonşu Azərbaycana istənilən vaxt hərbi müdaxilə etmək şansını saxlamaq üçündür.

-Deyəsən, Azərbaycanı “isti” bir yay gözləyir, eləmi?

-Azərbaycanı, doğrudan da, “isti” bir yay gözləyir. Və bu “isti” yayın gözlənməsi bir neçə məsələ ilə müşayiət olunur. Birincisi, bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək və bu seçkilər Azərbaycanın gələcək strategiyasının müəyyən edilməsi deməkdir. Və bunun üçün də bir çox ölkələr məhz prezident seçkiləri ərəfəsində Azərbaycana təzyiq göstərərək öz məqsədlərinə nail olmaq istəyirlər. Ölkədə “isti” yayın keçməsi bununla xarakterizə olunacaq. Çünki ölkədəki müxalifət də kifayət qədər güclənib və öz iddialarını ortalığa qoyub. Eyni zamanda Azərbaycanın Rusiya ilə və İranla münasibətlərində kifayət qədər böyük gərginliklər yaşanır. Qərb dövlətləri Azərbaycanın Qərbə inteqrasiyasını dəstəkləməklə bərabər, Azərbaycan hakimiyyətindən ciddi şəkildə demokratik və siyasi islahatlar gözləyir. Bu tələblər isə Azərbaycanın Qərbə sürətlə inteqrasiya edilməsinin qarşısını alır.

Digər tərəfdən isə bu proses Azərbaycanın yönünü nə İrana tərəf döndərə bilər, nə də Rusiyaya. Ona görə də Azərbaycan indi olduqca həssas bir durumdadır. Və qonşu dövlətlər də bu incə vəziyyətdən maksimum şəkildə faydalanmağa cəhd göstərirlər. Bu baxımdan yanaşanda, bəli, Azərbaycanda bu il çox “isti” bir yay olacaq, çox ciddi, qızmar müzakirələr gedəcək və mənə elə gəlir ki, Azərbaycan bu il Qərbə tam inteqrasiya olunma seçimini ciddi şəkildə etməli olacaq. Çünki Azərbaycan indiyə qədər həm İranla, həm Rusiya ilə, həm də Qərb dövlətləri ilə balanslı siyasət yürütmək xəttini tutmuşdu və buna tam şəkildə əməl edə bilirdi. Bundan sonra isə həmin balanslı siyasət artıq mümkün deyil. Nə Rusiya ilə, nə də İranla. Çünki Azərbaycan heç zaman İrana görə İsraillə düşmən ola bilməz və bu dövlətlə son illərdə qurduğu hərbi əməkdaşlığı dayandırmayacaq. Və İran da bu məsələyə görə heç zaman Azərbaycanla razılaşan bir dövlətə çevrilə bilməz. Bu balans belə pozulub. İkinci bir tərəfdən, Rusiya Azərbaycanın get-gedə ondan daha çox aralandığını görərək Azərbaycanın sərgilədiyi balanssız siyasətlə razılaşmaq istəməyəcək və Azərbaycanın iri iqtisadi layihələri Rusiyasız həyata keçirtməyə çalışması bu balanssız siyasətin mühüm təzahürünə çevrilir. Yəni mənə elə gəlir ki, bu il Azərbaycan üçün həm də geopolitik seçim ili olacaq: ya Qərb, ya da Rusiya ilə İran... Amma Azərbaycan keçmiş SSRİ-nin Avrasiya İttifaqı adlanan yeni formatda bərpa edilməsi ilə razılaşmır. Yolların ayrılması buradan başlanır. Azərbaycanın bu variantla razılaşmasına Qərb dövlətləri də razılıq verməyəcək. Çünki Qərb dövlətlərini təmsil edən iri şirkətlərin Azərbaycanda milyard dollarla ölçülən sərmayə yatırımı var. Buna görə Qərb dövlətləri də Azərbaycanın Rusiyayönlü seçiminə təhəmmül etməyəcək. Beləliklə, bu il Azərbaycanın siyasi elitasının çox ciddi qərarlar qəbul edə bilməsinin şahidi ola bilərik.

-Deməli, 92-ci ildən bəri Azərbaycanın xarici siyasətində müşahidə edilən və bütün iqtidarların riayət etdiyi balanslılığa son qoymağın zamanı yetişib?

-Əlbəttə ki. Artıq, mən deyərdim ki, 2009-cu ilin sonu və 2010-cu ilin əvvəlindən başlayaraq Azərbaycanın xarici siyasəti birmənalı olaraq balansını dəyişdirib və bu dəyişim Qərbə yönəlikdir. Bu da onunla əlaqədardır ki, Azərbaycan Avropa ilə Rusiya arasında illərdir davam edən enerji təhlükəsizliyi dartışmasında birmənalı şəkildə Qərbin tərəfində durdu. Rusiyanın ümidi vardı ki, Azərbaycan özünün “Şahdəniz” yatağından çıxardığı qazı ona satacaq. Azərbaycan isə Rusiyanın “Qazprom” şirkəti ilə həmin yataqla bağlı aparılan danışıqlarda razılığa gələ bilmədi və üstünlüyü yenidən Qərb dövlətlərinə verdi. Bunun ardınca gözlənilmədən Türkiyə ilə TANAP layihəsinin imzalanması Rusiyanın bütün ümidlərini alt-üst etdi... (Unikal qəzeti)
Razi Nurullayev: “Rusiya Azərbaycanın ondan uzaqlaşmasını həzm edə bilmir”