Uşaqlara göbələk, konservləşdirilmiş qidalar, kolbasa, sosiska, nitritli, qatqı maddələr olan riskli qidalar qətiyyən verilməməlidir.

Bu sözləri Unikal.org-a açıqlamasında həkim-pediatr Günay Rəsulova deyib.

O bildirib ki, hətta ev şəraitində hazırlanmış turşuları belə uşağa vermək olmaz: “Bu çox təhlükəlidir. Üzü qışa gedirik, bu halla həddindən artıq zəhərlənən uşaqlar görürük. Valideynlər uşaqlarına bu cür riskli qidaları verməkdən çəkinməlidirlər”.

Pediatr deyib ki, göbələk və digər zəhərlənmə vermə ehtimalı yüksək qidalardan mümkün qədər istifadə edilməməlidir: “Hisə verilmiş, konservləşdirilmiş və hətta dondurulmuş balıq belə uşaqlara verilməməlidir. Saxlanma şəraitinə əmin olduğumuz qidaları uşaqlarımıza verməliyik”.

G.Rəsulova bildirib ki, çərəzlər, tumlu qidalar beş yaşa qədər uşaqları boğa biləcəyinə görə vermək olmaz: “Hətta sərt qabıqlı meyvələri belə uşaqların əlinə vermək məsləhət deyil. Bu cür situasiyalarda çox diqqətli olmaz lazımdır”.

Könül Oruc