Beynəlxalq Qızıl Xaç Komitəsinin vitse-prezidenti Gilles Carbonnier bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətini ziyarət edib.

Unikal.org xəbər  verir ki,  görüş AzQAC-ın baş ofisində baş tutub.

Görüşü giriş sözü ilə açan Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Gilles Carbonnierin AzQAC-ın ofisini ziyarət etməsindən məmnunluq hissi duyduğunu bildirib. Hər iki qurum arasında humanitar sahədəki əməkdaşlıq əlaqələrinin I Qarabağ müharibəsindən bu günə kimi davam etdiyini diqqətə çatdırıb. Humanitar missiyanın fasiləsiz olaraq davam etdiyini xüsusi olaraq qeyd edib.

Həmçinin, BQXK ilə birlikdə daha öncə həyata keçirilən uğurlu layihələrin olduğunu iştirakçıların diqqətinə çatdırıb. Belə layihələrdən Anti-Mortem layihəsini, AzQAC-ın bölgələrdə Fövqəladə Mobil Könüllü Dəstələrinin yaradılmasını və onlara tam dəstəyin verilməsini və İqtisadi Təhlükəsizlik layihəsini misal göstərib. 44 günlük Vətən Müharibəsi zamanı dağıdılmış ərazilərin bərpa edildikdən sonra həmin ərazilərə insanların köçürülməsinin vacib olduğunu diqqətə çatdırıb.

Həmin ərazilərin yenidən yaşayış üçün bərpa edilməsinin insanlıq üçün çox vacib məsələ olduğunu və bu işlərin sürətlə davam etdiyini bildirib. Bu sahədə dövlətin dəstəyini, diqqət və qayğısnın danılmaz olduğunu xüsusi olaraq qeyd edib. 

BQXK-nın vitse-prezidenti çıxışında AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanova bu görüşə görə təşəkkürünü bildirib. Ümümi maraq dairəmizdə olan məsələlərin müzakirə olunmasının xoş olduğunu söyləyib. 44 günlük müharibə zamanı AzQAC ilə BQXK-nın birlikdə çalışaraq zərəçəkmiş mülki əhaliyə humanitar yardımların çatdırılmasını təmin edə bildiklərini xüsusi olaraq vurğulayıb. Milli Cəmiyyət ilə sıx əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə inandığını bildirib. Əsas fəaliyyət istiqamətlərindən biri olan itkin düşmüş şəxslərin axtarılması işinin lazımlı və vacib olduğunu önə çəkib. Bununla yanaşı, ilk tibbi yardım və psixososial dəstəyə daha çox ehtiyac duyulduğunu bildirib. 

Rəylər və təkliflər dinlənilib, müvafiq qərarlar qəbul edilib və sonda qonağa xatirə hədiyyəsi təqdim edilib.