Səkkiz aylıq hamilə həyat yoldaşını 18 bıçaq zərbəsi ilə öldürüb, ancaq məhkəmə qərarı əsasında həbs olunmayıb. Məhkəmə narkoloji ekspertizasının rəyinə görə, Anar Bəkirovda psixoaktiv maddələrin müştərək qəbulu nəticəsində asılılıq sindromu aşkar edilib. 

Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsi qərara alıb ki, Anar Bəkirov ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin.

Maraqlıdır, bir qadının və ana bətnində olan səkkiz aylıq körpənin ölümünə səbəb olan şəxs cəzasız qalacaq?!

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən hüquqşünas Ərəstun Ağayev bildirib ki, şəxsin anlaqsız vəziyyətdə olması tibbi meyarlarla ölçülür: “Bəzən cinayət hadisəsini törədən şəxs olduqca ağır sərxoşluq vəziyyətində olur, törətdiyi əməli xatırlamır. Amma bu, ona bəraət qazandırmır. Bunun anlaqsızlıqla əlaqəsi yoxdur. Anlaqsızlıq tibbi meyarların nəticəsi olaraq müəyyən olunur. Bu ekspertizanın rəyindən asılıdır. Narkotik maddələrdən istifadə isə onun vəziyyətini bir az da pisləşdirir.  Bu o demək deyil ki, sabah kimsə gedib içki içib, yaxd narkotik vasitə qəbul edib, kimisə öldürə və məsuliyyətdən yayına bilər. Xeyr, çox güman ki, həmin şəxsin psixi xəstəliyi olub. Ona görə bu qərar verilib”.

Hüquqşünas deyib ki, şəxs hadisəni törədən zaman anlaqlı deyilsə, o cinayət məsuliyyətindən azad olunur. 

Psixoloq Elnur Rüstəmov isə diqqətə çatdırıb ki, anlaqsız vəziyyətdə hadisəni törədən şəxs sonra həmin hadisəni xatırlaya bilər: “Hadisə nə üçün baş verirsə, onu da xatırlaya bilər. Sadəcə həmin an anlaqsız vəziyyətdə olduğu üçün hadisəyə bu cür reaksiya verir. Orda qərarı məhkəmə, ekspertizanın rəyi əsasında verir. Cinayəti törədən şəxs bir insanın həyatına son qoyur, daha sonra rəy alıb azadlığa çıxır. Kim zəmanət verəcək ki, belə hərəkəti yenə təkrarlamayacaq?! Bu adam 18 bıçaq zərbəsi vurub, üstəlik ana bətnində olan körpəsini öldürüb. Təbii ki, o şəxs tibbi müəssisəyə yerləşdirilməlidir. Həmin şəxslər psixoloji və psixiatrik dəstək almasa, sabahı gün təkrar olaraq başqa formada cinayət törətmə ehtimalı çoxdur”. 

Könül Oruc