Xəbər verdiyimiz kimi, bir müddət öncə Abşeron rayon icra hakimiyyətinin vəzifəli şəxsləri həbs olunmuşdu. 

Məhkəmənin qərarı ilə Memarlıq və Tikinti şöbəsinin keçmiş müdiri Akif Əliyev 10 il 6 ay, Xırdalan şəhər 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin keçmiş rəisi Murad Əhmədov isə 6 il azadlıqdan məhrum edilmişdi. Lakin təqsirləndirilənlər arasında olan Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın bacısı oğlu Babək Alıyev azadlığa buraxılmışdı. 

Unikal.org-un əldə etdiyi məlumata görə, sözügedən dəstənin həbsdə qalan üzvlərinin yaxınları icra başçısının bacısı oğlunun azadlığa buraxılmasından narazı qalıblar. Həbs olunan şəxslərin yaxınları  bildiriblər ki,  bununla bağlı Prezidetə müraciət ediblər: “Bizə maraqlıdır ki, necə olur bizim qohumlarımıza o qədər iş verilib, amma İradə Gülməmədovanın bacısı oğlu məsuliyyətdən kənarda qalır? Nəyə görə, məhkəmənin bu qərarına prokuror protest vermir? Əgər belədirsə, o zaman bizim qohumlarımız da azadlığa buraxılsın”. 

Xatırladaq ki, həbs edilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma), 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə), dələduzluq və digər maddələri ilə ittihamlar irəli sürülüb.

Seymur Əli