Bakı Hərbi Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Unikal.org-un məlumatına görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən E.Əliyevin anası Səmayə Əliyeva və dostu Orucəli Hacıyevin ifadəsi elan olunub.

Daha sonra hadisə vaxtı Ukrayna səfirliyində işləmiş əməkdaşlar və hadisənin baş verdiyi “Sikora” kafesinin işçilərinin ifadələri elan edilib.

Məlum olub ki, hadisə günü E.Əliyev restoranda başqa masada olan R.Əkbərovun şərəfinə “Cənab zabit” mahnısını sifariş edib. Bundan sonra onlar görüşəndə E.Əliyev R.Əkbərova “mən səfirliyə gələndə siz samovar qaynadırdız” deyib. Bu ifadə R.Əkbərovun xoşuna gəlməyib və o cavabında “mən sənin üçün çayxanaçı deyiləm” deyib. Nəticədə R.Əkbərovla E.Əliyevin arasında mübahisə yaranıb. Daha sonra E.Əliyev restoranın qarşısında qətlə yetirilib.

R.Əkbərovun vəkilləri bildirib ki, şahidlər cinayət işi ilə bağlı əvvəllər fərqli ifadə versə də, sonradan ifadələrini dəyişərək generalın əleyhinə danışıblar.

Prosesdə ifadə verən təqsirləndirilən şəxs Rövşən Əkbərov bildirib ki, hadisə günü həmin restoranda olmayıb.

R.Əkbərovun ifadəsindən sonra sənədlər tədqiq edilib və məhkəmə istintaqı başa çatıb.

Prosesdə çıxış edən dövlət ittihamçısı cinayətin üzərindən 20 ildən uzun müddət keçdiyini, buna görə R.Əkbərovun ittiham edildiyi Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddənin təsirdən düşdüyünü nəzərə olaraq, onun 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və maddələri ilə təqsirli bilinməsini istəyib. Prokuror təqsirləndirilən generalın 11 il azadlıqdan məhrum edilməsini istəyib.

R.Əkbərovun vəkilləri çıxış üçün vaxt istəyiblər.

Proses 22 oktyabrda davam etdiriləcək.