Ölkə başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Ekoloji məsələlər üzrə alt İşçi Qrupun növbəti iclası keçirilib.

Unikal.org xəbər verir ki, İşçi Qrupun rəhbəri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədrliyi ilə videokonfrans formatında keçirilən iclasda Strategiyanın yekun layihəsi təqdim olunub və “Yüksək keyfiyyətli ekoloji mühit” üzrə aidiyyəti bölmə müzakirəyə çıxarılıb.

Sənəd layihəsində yüksək keyfiyyətli ekoloji mühit üzrə son 10 ildə əldə olunmuş nailiyyətlər, problemlər və onu doğuran səbəblər qeyd olunub, hər bir alt məqsəd üzrə fəaliyyət istiqamətləri, hədəf göstəriciləri, tədbirlər və layihələr müəyyənləşdirilib.

İclasda İşçi Qrupa üzv dövlət qurumlarının təklifləri dinlənilib, sənədə dair yekun rəylərin təqdim olunması qərara alınıb.