Xəbər verdiyimiz kimi, bu gün səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alıb. O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib. 

Özünü qorumaq və həyati təhlükəsizliyini təmin etmək məqəsidilə polis bölməsinə müraciət edən qadının həyatı üçün daha böyük təhlükə yaranıb. Bəs görəsən polis bölməsinə müraciət edən qadının məxfiliyi niyə qorunmayıb? Bu proses qanunda necə tənzimlənir? 

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bildirib ki, əgər qadının həyatı üçün təhlükə varsa, polisə müraciət etdiyi zaman onun məxfiliyi tam şəkildə qorunmalıdır: 

“Hətta bu məxfilik o dərəcədə qorunmalıdır ki, hüquq-mühafizə orqanları hərəkətə keçdikdən sonra həmin qadının həyati təhlükəsi sovuşmalıdır. Polisə öz həyatını qorumaq üçün müraciət edən şəxsin həyatı üçün təhlükə yaranacaqsa, hətta bu günkü kimi ölümünə səbəb olacaqsa, onda müraciət etməyinin nə mənası qaldı?!”

Mühafizə orderi nədir və nə qədər müddətə çıxır?

X.Bəşirov deyir ki, Mülki prosessual məcəlləmizdə mühafizə orderi deyilən anlayış var ki, bu həm qısa, həm də uzun müddətli ola bilər: “Əgər qadın həyat yoldaşının onun həyatı üçün hər hansı təhlükə törətməsi ilə bağlı təhdidlər görürsə, bu zaman müvafiq qurumlara müraciət edə bilər. Həmin qərara əsasən ona mühafizə orderi verilir. Mühafizə orderinin qüvvədə olduğu müddətdə həyat yoldaşı ona yaxınlaşa bilməz".

X.Bəşirovun sözlərinə görə, mühafizə orderi qısa müddətdə məhkəmə tərəfindən çıxır: “Həmin şəxsin həyatı üçün təhlükənin qarşısını alacaq müddətdə həyata keçirilir. Gələcəkdə bu kimi halların qarşısını almaq üçün məxfiliyin qorunması məsələsində ciddi olmaq lazımdır”. 

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə diqqətə çatdırıb ki, bizim qanunda qadının təhlükəsizliyi ilə bağlı operativlik yoxdur:

“Bu məsələdə ilkin müraciət olunan anda şəxs sığınacağa göndərilməli və qiymətləndirilmə aparılmalıdır. Qanunda olmadığı üçün polis sadəcə profilaktik tədbirlər aparır. Qanun polisin vəzifə və səlayiyyətinə birbaşa qadının təhlükəsizliyini təmin etmək, istiqamətləndirmək məsələlərində konkret öhdəlik qoymur. Ya polisin yanında sosial işçilər olmalıdır ki, vəziyyəti yerindəcə qiymətləndirsin. Yaxud da qurumlar arasında məxfilik olmalıdır. Həmin şəxsin müraciətləri araşdırılana qədər məxfi qalmalıdır. Boşluqlar olan məsələlər toplanılmalı və bununla bağlı dəyişikliklər edilməlidir. 

Könül Oruc