Bakı Dövlət Universiteti əyani tədrisin bərpa olunması ilə yaşı 18-dən yuxarı olan tələbələrin koronavirus pasportlarının yoxlanılması səbəbindən təhsil müəssisəsinin qarşısında  izdiham yaranıb. 

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva Unikal.org-a izdihamın səbəbini açıqlayıb.

O bildirib ki, universitetdə tələbələrin sayının çoxluğu, həmçinin birinci kursların ilk dərs gününə valideynləri və yaxınları ilə gəlmələri binanın qarşısında izdihamın yaranmasına səbəb olub.  

“Mühafizəçilərimizin universitet ərazisindən kənara nəzarət etməyi demək olar ki mümkün deyil. Amma hər bir korpusda və fakültələrdə tələbələrin vaksin pasportunun olub olmaması fərdi qaydada yoxlanılır, sosial məsafənin gözlənilməsinə riayət edilir”, - deyə universitet rəsmisi qeyd edib.

Gülayə  Mecid