“Müharibədə vuruşmaq üçün mənim kimi təcrübəli hərbçilər lazımdır. Özü ilə 5 nəfər də apararaq döyüşə yollandı. Onu orada tabor komandiri təyin etdilər. Cəbrayıl, Füzuli, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdi. Daha sonra Şuşa istiqamətindəki hərbi əməliyyatlara qatıldı və Daşaaltıda artıq yaralandı”.

Unikal.org xəbər verir ki, bu sözləri Xalq artisti Əli Nur II Qarabağ müharibəsində şəhid olan oğlu Rövşən Nuruzadədən danışarkən deyib.

Aktyor övladının yaralı olduğu halda yenə də hərbi əməliyyatlarda iştirakını davam etdirdiyini, lakin Şuşada şəhid olduğunu bildirib:

“Əsgərləri yaralı olduğu üçün ondan geri qayıtmasını istəyirlər, lakin o ağrı keyidici dərmanlardan istifadə edərək geri çəkilmir. Əsgərlərinə qanımızla canımızla qələbə qazanmalı olduqlarını deyib.

O hətta əsgərlərinə deyib ki, “Şuşada ilk namazımı qılıb, qurbanlar kəsəcəyik. Ona görə hazır olun. Şuşaya birinci biz girməliyik”.

Lakin Rövşən oktyabrın 6-da Şuşanın girəcəyində snayperlə yaxın məsafədə sağ çiynindən vurulur. Həmin güllələr onun ürəyini və digər daxili orqanlarını parçaladığına görə şəhid olur.

Can verəndə son sözləri bu olub ki “Biz bura qədər qələbə ilə gəldik indi ölməyə haqqımız yoxdur, ölə bilmərik, biz Şuşaya girməliyik”. Bu sözlərdən sonra “Kəlmeyi şəhadət”ini deyərək vəfat edib.