Sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünyanı cəngina alan pandemiya ilə əlaqədar bildirmişdir ki, “COVID-19 pandemiyası bütün dünya üçün ciddi çətinliklər doğurmaqda davam edir.

Hökumətimiz ilk günlərdən əhalinin qorunması və pandemiyanın mənfi təsirinin minimuma endirilməsi məqsədilə mühüm və praktiki tədbirlər həyata keçirir. Azərbaycan cari ilin yanvar ayının ortalarından peyvəndləmə kampaniyasına başlayıb. Hər 100 nəfərə istifadə edilmiş vaksin dozalarının həcmi 80 faizdən artıqdır. COVID-19-un təsirinə məruz qalmış əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün təqribən 2.7 milyard ABŞ dolları həcmində sosial-iqtisadi paket təqdim edilib. Düzgün planlaşdırılmış tədbirlərin həyata keçirilməsi nəticəsində pandemiya ilə bağlı vəziyyət nəzarət altında saxlanılıb və ölkəmizdə tətbiq olunmuş karantin rejimi tədricən yumşaldılıb. Pandemiya ilə mübarizə sahəsində Azərbaycanın müfəssəl səyləri beynəlxalq səviyyədə qəbul edilib. 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb. Azərbaycan bütün bu fəaliyyəti özünün maliyyə resursları hesabına həyata keçirib. Biz, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı etmişik. Bundan əlavə, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərmişik.”

Ümumiyyətlə, bu gün Azərbaycan müasir, qüdrətli və dinamik inkişafa malik olan ölkə kimi tanınır. Bütün sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bütün istiqamətlərdə, o cümlədən elm, təhsil, səhiyyə sahələrində davamlı inkişaf müşahidə edilir. Xüsusilə də, səhiyyə sahəsində uğurlu addımlar atılıb, bu sahənin inkişafı üçün bütün imkanlar yaradılıb. Səhiyyənin  xəstəxana və tibb müəssisələri fondu demək olar ki, indi ən yüksək standartlara cavab verir. Ölkəmizdə səhiyyənin səviyyəsinin yüksəlməsi son elmi texnoloji yeniliklərin tətbiqi sahəsində mümkün olub. Məhz pandemiya dövründə ölkə səhiyyəsinin bu duruma adekvat olması reallığı tam əks etdirir. Koronavirus pandemiyası dövründə bu sahədə görülən işlər, o cümlədən yeni tibb müəssisələrinin açılması ölkə səhiyyəsi ilə bağlı mənzərənin açıq təzahürüdür. Koronavirus pandemiyasının ilk vaxtlarından vətəndaşların sağlamlığının qorunması məqsədilə möhtərəm Prezident İlham Əliyevin və 1-ci vitse-preziden hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi və qayğısı ilə virusun geniş yayılmasının qarşısının alınması üçün ölkə ərazisində çevik və sistemli preventiv tədbirlər həyata keçirilməyə başlanmışdır. Virusdan qorunmaq və bu xəstəliyin profilaktikası istiqamətində də mühüm addımlar atılıb. Ötən müddət ərzində məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsi, eyni zamanda, yumşalma addımları atılıb. Yürüdülən dövlət siyasəti və vətəndaşların artan məsuliyyəti nəticəsində bu gün Azərbaycanda koronovirusla bağlı vəziyyət nəzarət altındadır. Pandemiyaya qarşı mübarizə tədbirlərindən biridə peyvəndləmədir. Ölkəmizdə koronavirusa qarşı vaksinasiya prosesinə yanvarın ayından başlanılıb və uğurla davam etdirilir. Vaksinasiyanın əhəmiyyəti bu infeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaqdan ibarətdir. Cənab Prezident də çıxışlarında dəfələrlə vurğulayıb ki, dövlətimiz üçün ən vacib məsələ vətəndaşların sağlamlığıdır. Azərbaycan Prezidentinin bütün istiqamətlərdə həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır. Məhz buna görə də, Azərbaycan dövləti bir çox iqtisadi və maliyyə risklərinə baxmayaraq, vətəndaşların sağlamlığının qorunması üçün bütün mümkün addımları atdı. Aztəminatlı ailələrə, işsizlərə və pandemiyadan əziyyət çəkmiş sahibkarlıq subyektlərinə davamlı maddi-mənəvi dəstək, göstərilən qayğı bu gün də razılıqla qarşılanmaqdadır.  Bu tədbirlərin nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiyaya qarşı mübarizədə ölkəmizdə görülən işlərə yüksək qiymət verir, bir neçə dəfə Azərbaycanı nümunəvi ölkə kimi təqdim edib. Onu da qeyd etməliyəm ki, son bir ildə dövlətçilik tariximizin ən parlaq səhifəsi – Dəmir Yumruqla Zəfər səlnaməsi yazıldı.  Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımızın uğurlu dövlət idarəçiliyi, müdrik siyasəti nəticəsində Rəşadətli ordumuz 44 günlük Vətən Müharibəsidə erməni işğalçılarını məğlub etməklə, Qarabağımızı işğaldan azad etdi, ölkəmizin ərazi  bütövlüyü təmin olundu. Müharibə itkilərinin və pandemiyanın mənfi təsirlərinə baxmayraq cənab Prezidentin  rəhbərliyi ilə çevik sosial - iqtisadi siyasət həyata keçirilməklə yanaşı, ölkə səhiyyəsi öz dayanıqlılığını qoruyub saxlaya bilmişdir. 

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov