Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsində Tikinti layihələrinin idarə edilməsi laboratoriyasının açılışı  olub. Laboratoriyanın açılşı mərasimində AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, Tədris işləri üzrə prorektor Akif Qasımov, Layihələrin idarə edilməsi Azərbaycan Assosiasiyasının direktor müavini Fərid Kazımov,  universitetin kafedra müdirləri və dekanlar iştirak edib. Rektor açılışı bildirən rəmzi qırmızı lenti kəsdikdən sonra tədbir iştirakçıları laboratoriya ilə tanış olublar. 

Unikal.org xəbər verir ki,  fakültənin Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedrasının müdiri və laboratoriyanın ərsəyə gəlməsinin təşəbbüskarı olan Sahib Fərzəliyev qeyd edib ki, laboratoriya  yaradılması ilə tikinti istehsalatanın operativ idarəedilməsini həyata keçirmək mümkün olacaq. Eyni zamanda o vurğulayıb ki, inşaat prosesinin virtual-simulasiya proqramı vasitəsilə həm tədqiqi, həm də öyrənilib-öyrədilməsi, məhdud tikinti resurslarının-ehtiyatların səmərəli idarə edilməsinin təşkili kimi məsələlərin inşaatçı tələbələrə öyrədilməsi çox aktual məsələlər sırasındadır.

Amal Group MMC-nin şöbə müdiri, həmçinin AzMİU-nun müəllimi Əhməd Əhmədov laboratoriyanın fəaliyyəti barədə geniş məlumat verib. Ə.Əhmdov qeyd edib ki, laboratoriyanın yaradılmasının əsas məqsədi tikinti istehsalatında mürəkkəb və sistemli bir prosesi araşdırmaq, onlar arasındakı qarşılıqlı əlaqələri sadələşdirmək, vaxt itkisinin qarşısını almaq və s. üçün müasir komputer modellərinin əldə edilməsinə və onların tədrisə tətbiq edilməsinə nail olmaqdır. O, tikintinin planlaşdırılması, təşkili və idarəedilməsi sahəsində tətbiq edilən PRİMAVERA proqramının xüsusi əhəmiyyətdən danışıb, onun dünyada tikinti sahəsində ən aktual proqram olduğunu vurğulayıb. 

Laboratoriyanın əhəmiyyətindən danışan AzMİU-nun rektoru bildirib ki, tikinti istehsalatının idarəedilməsi ilə bağlı müasir texnologiyaların tədrisə gətirilməsi ilə nəzəri biliklərlə yanaşı, praktik biliklər də əldə edən tələbələr- gənc inşaatçı kadrlar beynəlxalq səviyyədə yetişəcək.