"Şuşada “Xarıbülbül” festivalı keçirməyimiz, festivalın ilk günündə Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin çıxış etməsi mənim ideyam idi".

Unikal.org-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində deyib.

"Mən bunu Fonda təklif etdim və onlar bunu çox parlaq şəkildə təşkil etdilər, göstərdilər ki, bu, bizim ümumi qələbəmizdir. Bu qələbə uğrunda Azərbaycanda məskunlaşan bütün xalqlar canlarından keçiblər. Yaxın günlərdə biz Şuşada Vaqif poeziya günlərini bərpa etdik, Vaqifin dağıdılmış məqbərəsini bərpa etdik. İndi tarixi abidələr bərpa olunur. Azad edilmiş bütün ərazilərdə bu işlər davam etdiriləcək, təhsil layihələri, mədəniyyət layihələri artıq razılaşdırılıb. Şuşada tarixi abidələrin çox hissəsi sponsorların vəsaiti hesabına və Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa olunacaq və ya artıq bərpa olunmaqdadır. Bir də, əlbəttə, biz bu işləri dövlət sərmayə qoyuluşları hesabına aparacağıq. Həmçinin Qarabağ Dirçəliş Fondu yaradılıb, bu Fonda hər kəs ianə verə bilər. Odur ki, bu, çox genişmiqyaslı quruculuq işi olacaq, cəmiyyət bunu çox müsbət qəbul edir. İnsanların azad edilmiş torpaqlarda müəyyən dəyişikliklər baş verdiyini, həyatın dirçəldiyini görəndə necə sevindiklərini bilirəm", - Prezident vurğulayıb.